
Bakı. Trend:
Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən “AniPay” mobil tətbiqinin və anipay.az internet səhifəsinin
fəaliyyəti dayandırılır.
Trend bu
barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bildirilib ki, bu qərar rəqəmsal ödənişlər bazarında rəqabət
mühitinin genişləndirilməsi və ödəniş xidmətlərinin inkişafının
təşviq edilməsi məqsədilə qəbul edilib. Qeyd olunan tarixdən
etibarən analoji xidmətin maliyyə sektoru iştirakçıları tərəfindən
davam etdirilməsi nəzərdə tutulur. Belə ki, “AniPay” funksiyaları
artıq mobil bank tətbiqlərində mövcuddur.
“AniPay” tətbiqinin və internet səhifəsinin fəaliyyətinin
dayandırılması ölkədə maliyyə sektoru iştirakçıları üçün yeni
imkanlar yaradacaq, rəqabət, və innovativ həllərin inkişafını daha
da sürətləndirəcək.
Bu qərar Mərkəzi Bankın ödəniş xidmətlərinin təşviqinə yönəlmiş
inkişaf strategiyasının bir hissəsidir. Bu addım banklar və digər
ödəniş xidmətləri təchizatçıları üçün bazarda daha fəal iştirak
üçün şərait yaradacaq.
Mərkəzi Bank bundan sonra da rəqəmsal ödəniş ekosistemində
sağlam rəqabətin, innovativ həllərin və dayanıqlı inkişafın təmin
olunmasını diqqətdə saxlayacaq.


