Böyük Britaniyanı tərk edənlərin sayı artıb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyada hər il əlavə olaraq təxminən 50 min nəfərin
ölkəni tərk edəcəyi gözlənilir.

Trend “The
Telegraph”a istinadla xəbər verir ki, bu barədə Britaniyanın büdcə
siyasətinə nəzarət edən Büdcə Məsuliyyəti Ofisi (OBR) məlumat
yayıb.

Qurumun proqnozuna görə, ölkədən köç edənlərin sayının artması
iqtisadi artıma mənfi təsir göstərə bilər. Qurum bildirir ki,
ölkəni tərk edənlərin böyük hissəsini Britaniya vətəndaşları təşkil
edəcək.




Hesabata əsasən, xalis miqrasiya 2030-cu ilə qədər ildə orta
hesabla 235 min nəfər təşkil edəcək. Bu göstərici ötən ilin noyabr
ayında proqnozlaşdırılan 295 min nəfərlik rəqəmdən aşağıdır. OBR
qeyd edib ki, proqnozdakı dəyişiklik əsasən Britaniya
vətəndaşlarının xalis miqrasiyası ilə bağlı daha mənfi
gözləntilərlə əlaqədardır.

Son dövrlərdə ölkəni tərk edənlərin sayında artım müşahidə
olunur. Bu tendensiya hökumətin tətbiq etdiyi vergi artımları və
ölkədə daimi yaşayış statusu olmayan varlı şəxslərə qarşı
sərtləşdirilən qaydalarla əlaqələndirilir.

Milli Statistika İdarəsinin məlumatına görə, 2024-cü ildə 257
min britaniyalı ölkəni tərk edib. Bu rəqəm əvvəlki 77 min nəfərlik
proqnozdan üç dəfədən çoxdur. Bundan əlavə, 2021–2024-cü illər
arasında ümumilikdə 992 min britaniyalı ölkədən köçüb. Bu göstərici
əvvəlki 343 min nəfərlik qiymətləndirmədən xeyli yüksəkdir.