
Bakı. Trend:
Barselonanın Santa Maria de Valldonzella Kral Monastırında
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “Xocalıya qayıdış”
adlı anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Barselonadakı
Azərbaycanlılar Cəmiyyəti və Azərbaycan Evinin təşkilatçılığı ilə
baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata
görə, tədbirdə Azərbaycan Respublikasının İspaniyadakı səfiri Ramiz
Həsənov, rəsmi qonaqlar, Barselonada yaşayan soydaşlarımız, eləcə
də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən
şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad edilib.
Daha sonra iştirakçılara 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda xalqımızın başına
gətirdikləri dəhşətli müsibətlər haqqında geniş məlumat verilib.
Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində
görülən işlərdən danışılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən həyata
keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti
vurğulanıb.
Bədii hissədə Barselona Universitetinin xor kollektivi,
“Artinity” Vokal Qrupu, “Salvat” kamera orkestri və solistlərin
iştirakı ilə klassik musiqi parçaları səsləndirilib. Ahmet Suleyman
Bilginin dirijorluğu ilə keçirilən proqramda yaddaş, sülh və ümid
mövzularına həsr olunan musiqi əsərləri ifa edilib.
Şam işığında keçirilməsi anım mərasiminə xüsusi mənəvi və
emosional təsir qatıb. Tədbir iştirakçılara Xocalı soyqırımının
unudulmayacağı, eyni zamanda sülhün, qarşılıqlı hörmətin və
mədəniyyətlərarası dialoqun təşviqi mesajlarını çatdırıb.


