Cənub Qaz Dəhlizi Avropa üçün yeni enerji reallığını formalaşdırır – Serbiyanın nazir müavini

Baş səhifə

Bakı. Trend:

Cənub Qaz Dəhlizi Avropa üçün yeni enerji reallığını təmsil
edir.

Trend xəbər verir
ki, bunu Serbiyanın Mədənçilik və Energetika Nazirliyində neft və
qaz üzrə nazir müavini vəzifəsini icra edən Saşa Kokoviç Cənub Qaz
Dəhlizinin Məşvərət Şurası nazirlərinin bu gün Bakıda keçirilən
12-ci iclasında etdiyi çıxışda deyib.

Onun sözlərinə görə, Serbiya ilə Bolqarıstan arasında qaz
interkonnektorunun istifadəyə verilməsi ilə Serbiya ilk dəfə olaraq
Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qazı da daxil olmaqla
digər mənbələrdən qaz tədarükü imkanına sahib olub.

Cənub Qaz Dəhlizi sadəcə bir infrastruktur layihəsi deyil. O,
Avropa üçün etibarlı tərəfdaşlıqlar və qarşılıqlı etimad əsasında
formalaşan yeni enerji reallığını təmsil edir. Serbiyanın
Azərbaycanla əməkdaşlığı xüsusi strateji əhəmiyyət daşıyır və
əsasən Prezidentlər Aleksandar Vuçiç və İlham Əliyev arasındakı
dostluq münasibətlərinə əsaslanır.




Bu günə qədər əldə edilmiş əməkdaşlıq nəticələri təbii qaz,
bərpa olunan enerji mənbələri və yeni texnologiyaların tətbiqi
sahəsində təcrübə mübadiləsini əhatə edən imzalanmış sazişlərlə
təsdiqlənmişdir. Fevralın 15-də Serbiyanın paytaxtı Belqrad
şəhərində həmdövrəli buxar-qaz turbin tipli elektrik stansiyasının
inkişafı, layihələndirilməsi, tikintisi və idarə olunması üzrə
imzalanmış son saziş iki ölkə arasında enerji əməkdaşlığının dəqiq
sübutu və əsasını təşkil edir”, – o bildirib

Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən
Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz”
yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru
Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri
(TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan
Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib.
Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr
həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı
ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə
imkan verəcək.