
Türkiyə bərpa olunan enerjinin Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılacağını düşünür.
Bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları çərçivəsində “Report”a açıqlamasında Türkiyənin enerji və sərvətlər nazirinin köməkçisi Zafer Demircan bildirib.
Onun sözlərinə görə, regional və beynəlxalq layihələr həm bölgə, həm də beynəlxalq müstəvi üçün mühüm ticarət və əməkdaşlıq imkanlarını ehtiva edir: “Xüsusilə bu növ enerji əməkdaşlıqlarına üstünlük verilməsində fayda var. Ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində bu cür regional əməkdaşlıqlar yaxşı nümunə təşkil edən təcrübələrdir. Bu gün burada bir çox ölkə öz aralarındakı əməkdaşlığı necə inkişaf etdirə biləcəyi barədə müzakirələr aparacaq. Biz də birlikdə həyata keçirilə biləcək, birlikdə istehsal oluna biləcək layihələrə nəzər salacağıq”.
O qeyd edib ki, Türkiyə enerji ilə bağlı regional layihələrdə effektiv və aktiv olmaq istəyir: “Təkcə qaz sahəsində deyil, gələcəkdə regional elektrik layihələrində də Türkiyənin töhfəsi böyük olacaq. Belə bir təcrübəmiz var. Azərbaycan və Türkiyə daha əvvəl də çox böyük layihələri birlikdə ərsəyə gətiriblər. Gələcəkdə də həyata keçirəcəklər. Yeni layihələr üçün mühüm bir təcrübə və ciddi bilik bazası mövcuddur. Azərbaycan və Türkiyənin yer alacağı bütün beynəlxalq və regional layihələrin mütləq uğurlu olacağına inanırıq. Bərpa olunan enerji baxımından da bu yolu seçirik. Xüsusilə də təbii qazda öyrəndiyimiz və təcrübə etdiyimiz bu əməkdaşlıqların, artıq yeni dövrdə bərpa olunan enerjinin Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılmasında da mümkün olduğunu düşünürük”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


