TAP karbonsuzlaşdırma üzrə qarşıya qoyulmuş məqsədlərə çatmaq istiqamətində uğurla irəliləyir – İdarəedici direktor

Baş səhifə

Bakı. Trend:

Transadriatik Qaz Kəməri (TAP) karbonsuzlaşdırma üzrə qarşıya
qoyulmuş məqsədlərə çatmaq istiqamətində uğurla irəliləyir.

Bunu TAP-ın idarəedici direktoru Luka Skyeppati Bakıda keçirilən
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.

Emissiyaların azaldılması siyasətinə toxunan idarəedici direktor
vurğulayıb ki, TAP enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı,
Avropanın enerji keçidinin dəstəklənməsində öz rolunu tam şəkildə
dərk edir.

“Əməliyyat fəaliyyəti ilə paralel olaraq TAP öz əməliyyatlarının
karbonsuzlaşdırılması istiqamətində irəliləyir. TAP-ın 2050-ci
ilədək Enerji Keçidi üzrə Uzunmüddətli Strategiyası çərçivəsində
şirkət 2022–2025-ci illəri əhatə edən Karbon Emissiyalarının
İdarəedilməsi Planını həyata keçirib. Plan TAP-ın karbon izinin
proqnoz göstəricilərlə müqayisədə 5 faiz, metan emissiyalarının 8
faiz azaldılmasına, həmçinin eyni dövr üzrə sızmaların aşkarlanması
və aradan qaldırılması proqramının (LDAR) ilkin göstəriciləri ilə
müqayisədə sızmaların 54 faiz azaldılmasına yönəlmiş 50-dən çox
təşəbbüsü əhatə edirdi.




TAP qarşıya qoyulmuş qısamüddətli hədəflərə nail olmaq
istiqamətində uğurla irəliləyir. 2025-ci ildə şirkət proqnozla
müqayisədə ümumi istixana qazı emissiyalarını 25 faizdən çox, metan
emissiyalarını isə 50 faizdən artıq azaldıb, eyni zamanda sızmaları
ilkin göstəricilərlə müqayisədə 85 faizdən çox aşağı salıb.
Karbonsuzlaşdırma üzrə səylərimiz enerji səmərəliliyi tədbirləri,
elektrikləşdirmə üzrə araşdırmalar, hidrogen və biometandan mümkün
istifadə, eləcə də bu il OGMP 2.0 Gold Standard səviyyəsinə nail
olmaq məqsədilə Metan Emissiyalarının Azaldılması Planının həyata
keçirilməsi vasitəsilə birbaşa CO₂ emissiyalarının azaldılmasına
yönəlib”, – deyə Luka Skiyeppati yekunlaşdırıb.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi
vasitəsilə Avropaya nəqli başladılıb. TAP-ın illik ötürmə
qabiliyyəti 10 milyard kubmetr təşkil edir, eyni zamanda onun 20
milyard kubmetrədək artırılması imkanı nəzərdə tutulub.

Cənub Qaz Dəhlizinin əsas elementlərindən biri olan
Transadriatik qaz kəməri Xəzər dənizində yerləşən “Şahdəniz”
yatağından təbii qazı birbaşa Avropa bazarlarına nəql edir.

2026-cı il yanvarın 1-dən etibarən TAP qazın nəqli üzrə yeni
saziş (GTA) çərçivəsində əlavə uzunmüddətli ötürmə qabiliyyəti
təqdim edib.