Texas mətbuatında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Texas Dövlət Xəbərləri (Texas State News.Net) saytında
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar məqalə dərc olunub.
Məqalənin müəllifi Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin
(USACI) rəhbəri Samir Novruzovdur.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata
görə, məqalədə 20-ci əsrin ən faciəli və ağrılı hadisələrindən biri
olan Xocalı qətliamından geniş bəhs edilib.

Qeyd olunub ki, 1992-ci il fevralın 26-da Xocalı şəhərində
yüzlərlə dinc sakin xüsusi qəddarlıqla öldürülüb, kütləvi
zorakılığa məruz qalıb. Xocalı sakinlərinin son dərəcə həssas və
müdafiəsiz vəziyyətdə olduğu diqqətə çatdırılıb. Xocalıda törədilən
hadisələr bəşəriyyət tarixinin ən amansız cinayətlərindən olduğu
bildirilib.

Ermənistan silahlı qüvvələrinin Xocalıdakı əməllərinin mülki
şəxslərin müdafiəsi prinsiplərinə əsaslanan Cenevrə Konvensiyaları
kimi beynəlxalq sənədlərlə ziddiyyət təşkil etdiyi vurğulanıb.
Siyasi aktorların və beynəlxalq ictimaiyyətin vaxtında və sülh yolu
ilə həll mexanizmləri tapa bilməməsinin soydaşlarımıza qarşı
zorakılıqlara zəmin yaratdığı qeyd olunub.




Sonda vurğulanıb ki, əgər bəşəriyyət doğrudan da Xocalı
həqiqətlərindən nəticə çıxararsa, bu cür amansız qırğınların
təkrarlanmasının qarşısını almaq mümkün olar.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://texas.statenews.net/newsr/278889421