
Avropa Komissiyasının energetika məsələləri üzrə məsul şəxsi Dan Yorgensen Azərbaycana səfəri çərçivəsində Cənub Qaz Dəhlizi (SGC) və “yaşıl enerji” üzrə iclasların həmsədri olacaq.
“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə komissarın ofisindən bildirilib.
Qeyd edilib ki, səfər Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji tərəfdaşlığının gücləndirilməsinə və dərinləşdirilməsinə yönəlib.
“Sabah energetika və mənzil tikintisi məsələləri üzrə komissar Dan Yorgensen Aİ və Azərbaycan arasında enerji tərəfdaşlığının möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün Bakıya səfər edəcək. O, Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclasına və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclasına həmsədrlik edəcək”, – ofisdən bildirilib.
Avropa Komissiyasından vurğulanıb ki, Azərbaycan Aİ-nin enerji mənbələrinin şaxələndirilməsi və Rusiyanın qalıq yanacağından asılılığın azaldılması səylərində mühüm rol oynayır.
Komissarın ofisinin nümayəndəsinin sözlərinə görə, Cənub Qaz Dəhlizi ilə qaz təchizatı “REPowerEU” təşəbbüsünün məqsədlərinə uyğun olaraq, Avropa üçün daha şaxələndirilmiş, etibarlı və təhlükəsiz təchizat marşrutlarının formalaşmasına töhfə verir. Bundan əlavə, Azərbaycanın bərpa olunan enerji sahəsindəki böyük potensialı Avropa şirkətləri üçün geniş imkanlar açır və ölkənin iqtisadi artımını dəstəkləyir.
D.Yorgensenin ofisindən bildirilib ki, əməkdaşlığın daha da dərinləşdirilməsi enerji təhlükəsizliyi, rəqabət qabiliyyətliliyi və dekarbonizasiya sahəsində ümumi məqsədlərə çatmaq üçün əsas amil olaraq qalır.
“Məşvərət Şuralarının illik iclasları strateji və qarşılıqlı faydalı enerji tərəfdaşlığı çərçivəsində tərəqqini qiymətləndirmək və birgə öhdəlikləri əlaqələndirmək üçün hökumət nümayəndələrini, tərəfdaş şirkətləri bir araya gətirir”, – ofisdən əlavə edilib.


