Cənubi Qafqaz “təmiz” texnologiyalara investisiya üçün əsas məkanlardan birinə çevrilə bilər – Avrokomissar (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Cənubi Qafqaz “təmiz” texnologiyalara investisiya üçün əsas
məkanlardan birinə çevrilə bilər.

Bunu Energetika və mənzil məsələləri üzrə Avropa Komissiarı Dan
Yorgensen martın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət
Şurasının iclası çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə
deyib.

“Qara dəniz üzrə strategiyamız çərçivəsində nəqliyyat, rəqəmsal
və enerji infrastrukturları arasında əlaqələrin gücləndirilməsi
məqsədilə “Əlaqəlilik Gündəliyi”ni irəli aparırıq. Mən bu regionda
elektroenergetika və bərpa olunan enerji sahəsində böyük potensial
görürəm. Elektrik enerjisi sistemlərinin əlaqələndirilməsi enerji
sisteminin xərclərinin azaldılması, daha çox bərpa olunan enerji
mənbələrinin inteqrasiyası, eləcə də elektrik enerjisinin
ikitərəfli axını və ticarətinin təmin olunması baxımından son
dərəcə vacibdir. Biz milli enerji sistemlərini gücləndirmək və
regionda strateji ikitərəfli ötürücü interkonnektorlar yaratmaq
istəyirik. Bu, regional elektrik enerjisi ticarətini artıracaq və
region üzrə paylanmış bərpa olunan enerji mənbələrindən maksimum
səmərə ilə istifadəni təmin edəcək”,-deyə o bildirib.




O bildirib ki, Azərbaycan və qonşu ölkələrlə bərpa olunan enerji
mənbələri, enerji səmərəliliyi və enerji şəbəkələri sahəsində
dərinləşdirilmiş əməkdaşlıq üçün böyük potensial mövcuddur.

“Avropa şirkətləri öz texnologiyalarını, maliyyə imkanlarını və
təcrübələrini tətbiq etmək üçün imkanlar axtarırlar. Cənubi Qafqaz
“təmiz” texnologiyalara investisiya üçün əsas məkanlardan birinə
çevrilə bilər. Hökumətlər, maliyyə institutları və özəl sektor bunu
gerçəkləşdirmək üçün birgə fəaliyyət göstərə bilərlər. Aİ tərəfi
olaraq biz əlavə dəstəyi, o cümlədən zəmanətlərin səfərbər
edilməsi, qarışıq maliyyələşdirmə alətləri və tənzimləyici dəstək
imkanlarını nəzərdən keçirməyə hazırıq”, -deyə o aydınlaşdırıb.