Azərbaycan UNESCAP-ın dayanıqlı inkişafa həsr olunmuş 13-cü Regional Forumunda təmsil olunub

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə
İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Banqkok
şəhərində keçirilən və dayanıqlı inkişafa həsr olunmuş 13-cü
Regional Forum başa çatıb.

Trend xəbər
verir ki, Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Hüseyn
Hüseynov forumun sədr müavini qismində ölkəni təmsil edib.

Forumun açılış mərasimində çıxış edən H.Hüseynov Azərbaycanın
dayanıqlı inkişaf istiqamətində əldə etdiyi nailiyyətlər, həyata
keçirilən struktur və institusional islahatlar barədə məlumat
verib. Dayanıqlı İnkişaf Məqsədlərinin milli prioritetlərlə
uzlaşdırılaraq sistemli şəkildə icra olunduğu diqqətə
çatdırılıb.

Azərbaycanın sədrliyi ilə keçirilən “Dayanıqlı İnkişaf
Məqsədlərinə nail olunması üzrə regional tərəqqinin və imkanların
nəzərdən keçirilməsi” adlı sessiyada Asiya və Sakit Okean
regionunda DİM-lər üzrə əldə olunan nəticələr təhlil edilib. BMT
sisteminin regional səviyyədə fəaliyyəti və DİM-lərin icrası üzrə
mövcud çağırışlar ətrafında müzakirələr aparılıb.




Forum çərçivəsində Azərbaycanın rəhbərliyi ilə “Yekun
hesabatlılıq, nümayəndə heyətlərinin səlahiyyətlərinin nəzərdən
keçirilməsi, məruzə sessiyaları və ümumi öhdəliklərin müzakirəsi”
üzrə plenar müzakirələr keçirilib.

9-cu DİM (Sənaye, innovasiya və infrastruktur) üzrə dəyirmi
masada dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və
akademik dairələrin iştirakı ilə keçirilən müzakirələrin nəticələri
ümumi plenar iclasa təqdim edilib.

Tədbirdə 40-dan çox ölkədən 1200-dən çox dövlət rəsmisi,
beynəlxalq təşkilat, özəl sektor və qeyri-hökümət təşkilatlarının
nümayəndələri iştirak edib. Forumda təmiz su və sanitariya
xidmətlərinə çıxışın artırılması, əlçatan və təmiz enerji, sənaye,
innovasiya və infrastrukturun inkişafı, eləcə də inklüziv,
təhlükəsiz və dayanıqlı şəhərlərin təşviqi ilə bağlı Dayanıqlı
İnkişaf Məqsədlərinin icrası, əldə olunan irəliləyiş və regional
əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin, BMT-nin İnkişaf
üçün IV Beynəlxalq Maliyyələşdirmə Konfransının nəticələri müzakirə
edilib.