“Barselona” Avropada bu göstəriciyə görə liderdir

Baş səhifə

Bakı. Trend:

“Barselona” yalnız meydanda deyil, futbol iqtisadiyyatında da
qalib gəlir.

Trend xəbər verir ki, klub
idman geyimləri və merçendayzinq satışlarından əldə olunan
gəlirlərə görə Avropa reytinqinə başçılıq edir.

UEFA tərəfindən dərc olunan illik klub hesabatına əsasən,
Kataloniya təmsilçisi idman geyimləri və merçendayzinq
satışlarından gəlirlərə görə birinci yerdə qərarlaşıb. Klub rekord
həddə – 277 milyon avro gəlir əldə edib ki. Bu da ən yaxın
izləyicisi olan “Real”dan milyonlarla avro çoxdur.

UEFA-nın 2025-ci il üzrə maliyyə və əməliyyat göstəricilərinə
dair geniş təhlilində “Nike” şirkəti ilə “Barselona” arasında
qurulan yeni strateji tərəfdaşlığın həlledici rolu xüsusi
vurğulanır. Məhsulların hazırlanması, təchizat zəncirinin idarə
olunması və “Barsa” məhsullarının qlobal paylanması üzrə birgə
fəaliyyət əhəmiyyətli nəticə verib. Ötən mövsümdən etibarən klub
yenidən qlobal pərakəndə satış və elektron kommersiya üzərində tam
nəzarəti bərpa edib. Bu sahə isə “Barca Licensing & Merchandising”
(BLM) bölməsinin əsas artım mühərrikinə çevrilib. Onlayn satışlar
illik müqayisədə üç dəfə artıb, hesabat dövründə gəlir artım tempi
isə əvvəlki mövsümlə müqayisədə 45%-i ötüb.

Merçendayzinq dünyada 500 milyondan çox azarkeşi olan klub üçün
fundamental rol oynayır, bağlılıq və mənsubiyyət hissini
gücləndirir. Uğurun mühüm amillərindən biri də komandanın
meydandakı inamlı çıxışıdır. Azarkeşlər özlərini “La Masia”
yetirmələri və baş məşqçi Hans Flikin komandaya aşıladığı cəlbedici
futbol üslubu ilə eyniləşdirirlər.

Bu qədər ciddi gəlir artımı sənaye üzrə orta göstəriciləri xeyli
üstələyən mənfəətliliklə müşayiət olunub. Bəzi indikatorlar bazar
standartlarını iki, hətta üç dəfə qabaqlayır. Bu isə yeni gəlir
səviyyəsində miqyas effektinin və əməliyyat səmərəliliyinin artması
sayəsində mümkün olub.




Mütləq rekord qeydə alınmasına baxmayaraq, cari mövsüm BLM-in
strateji planının yalnız növbəti mərhələsi kimi qiymətləndirilir.
Klubun məqsədi proqnozlaşdırılan artım tempini üstələməyə davam
etmək və BLM-i “Barselona”nın əsas maliyyə dayaqlarından biri kimi
daha da gücləndirməkdir.

Pərakəndə satış seqmentində klubun hazırda birbaşa idarə etdiyi
15 “Barca Store” mağazası var. Bunlara 2024-cü ilin avqustunda
Madrid şəhərində, hava limanının 4-cü terminalında açılan ikinci
satış nöqtəsi də daxildir. Bundan əlavə, 6 mağaza lisenziya
əsasında fəaliyyət göstərir. Klub yaxın vaxtlarda yeni mağazalar
açmağı planlaşdırır.

Rekord dövriyyə göstəricilərinə “Spotify Kamp Nou” stadionundakı “Barca Store” mağazası da nail olub. Halbuki arenada cəmi 5 oyun
keçirilib. Bunlardan 4-ü La Liqa, 1-i isə UEFA Çempionlar Liqası
matçıdır. Komandanın stadiona tam qayıdışı merçendayzinq
gəlirlərinin daha da artmasına əlavə təkan verə bilər.

Bu mövsüm “Official Barca Store” saytı vasitəsilə 176 ölkədə
alış-veriş edilib. Ən çox satış isə ABŞ-nin payına düşüb. Onlayn
mağaza katalan, ispan, ingilis, fransız, alman, yapon və koreya
dillərində fəaliyyət göstərir. Son iki dil ötən yay əsas komandanın
Asiya turu zamanı əlavə olunub. Qlobal e-ticarət platformasının
əsas üstünlüklərindən biri əməliyyat səmərəliliyidir. Sifarişlərin
böyük əksəriyyəti həmin 176 ölkəyə 48–72 saat ərzində
çatdırılır.

İdman geyimləri və merçendayzinqdən əldə olunan gəlirlər klubun
ümumi gəlirinin mühüm hissəsini təşkil edir. 2025-ci ildə
“Barselona”nın ümumi gəliri 989 milyon avroya çatıb ki, bu da klub
tarixində ən yüksək göstəricidir. Bu rəqəm əvvəlki mövsümlə
müqayisədə 29% çoxdur və Kataloniya klubunu Avropanın ən sürətlə
inkişaf edən komandalarından birinə çevirir. Daha yüksək artım
tempini yalnız “Borussiya” (Dortmund), “Aston Villa” və “Zenit”
göstərib.

“Barselona” matç günü gəlirlərinə görə Avropada 5-ci yerdədir.
Klub bir oyuna orta hesabla 5,4 milyon avro gəlir əldə edir.
Komanda ilin böyük hissəsində ev oyunlarını “Montjuik”də keçirsə
də, artım qeydə alınıb. 2025-ci ilin yalnız son beş oyunu yenidən “Spotify Kamp Nou” stadionunda baş tutub və arenanın tutumu hələ də
45 min azarkeşlə məhdudlaşdırılıb. Buna baxmayaraq, göstəricilər
olduqca yüksək qiymətləndirilir.