İranda Müvəqqətli Liderlik Şurası öz işinə başlayıb – Pezeşkian

Baş səhifə

Bakı. Trend:

İranda Müvəqqəti Liderlik Şurası öz işinə başlayıb.

Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian İran
vətəndaşlarına video-müraciətində bildirib.

Onun sözlərinə görə, bu şura İran Konstitusiyasının 111-ci
maddəsinə əsasən öz işinə başlayıb.

Pezeşkian bildirib ki, İran İslam İnqilabının banisi Ayətulla
Seyid Ruhulla Xomeyni və Ali Lider Ayətullah Seyid Əli Xameneinin
yolunu davam etdirəcək.

İran prezidenti əlavə edib ki, İran Silahlı Qüvvələri qarşı
tərəflərin hərbi bazalarını var-gücü ilə vurmaqdadır.




Pezeşkian İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin
vəfatı ilə əlaqədar İran xalqına başsağlığı verib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.