
Bakı. Trend:
Rəcəb Tayyib Ərdoğan İsrail və ABŞ-ın İrana hücumlarını
pisləyərək, eyni zamanda İslam Respublikasının bölgədəki hədəflərə
qarşı atəş açmasını qəbuledilməz adlandırıb.
Trend xəbər verir
ki, bunu Ərdoğan İstanbulda çıxışı zamanı bildirib.
Prezident çıxışında vurğulayıb: “İranın suverenliyini açıq
şəkildə pozan və dost, qardaş İran xalqının dincliyini təhdid edən
bugünkü hücumları qınayırıq. İsrailin təxribatları ilə başlayan
ABŞ-İsrail hücumlarından dərin kədər və narahatlıq duyuruq. Uzun
müddətdir ki, fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək üçün
böyük səylər göstərmişik, digər dövlətlər də bu istiqamətdə əlindən
gələni ediblər. Lakin İsrailin prosesi pozmaq üçün davamlı cəhdləri
səbəbindən etimad böhranı aradan qaldırıla bilmədi”.
Ərdoğan əlavə edib ki, “Türkiyə İranın Fars körfəzindəki qardaş
ölkələrə raket və pilotsuz təyyarə hücumlarını, səbəblərindən asılı
olmayaraq, qəbuledilməz hesab edir”.
O, həmçinin qeyd edib ki, İran ətrafındakı gərginlik fonunda
Türkiyə sərhədlərinin və hava məkanının təhlükəsizliyini təmin
etməkdə heç bir çətinlik yaşamır və diplomatik təşəbbüsləri
gücləndirmək niyyətindədir.


