İranın hərbi hücumları heç bir qonşu ölkəyə yönəlməyib – Bəqai

Baş səhifə

Bakı. Trend:

İranın hərbi hücumları müdafiə xarakterlidir və heç bir qonşu
ölkəyə qarşı yönəlməyib.

Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai bu gün yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın hücumları sadəcə region ölkələri
ərazisindən İrana hücum üçün istifadə edən ABŞ-nin hərbi
hücumlarına cavabdır.

Bəqai bildirib ki, İran öz dostluq əlini bütün region ölkələrinə
doğru uzadır və qonşu ölkələrin xüsusi şəraiti dərk edərək
kollektiv mənafeyi və regionun təhlükəsizliyini prioritet
seçəcəklərinə ümid edir.

ABŞ tərəfinin İranın yaxın zamanlarda təhlükəyə çevrilməsi ilə
əlaqədar iddiasına münasibət bildirən Bəqai qeyd edib ki, belə
iddialar İran tərəfindən əsassız hesab olunur. İran sülhsevərdir və
müharibə şəraitində öz bacarıqları ilə ölkəni müdafiə edir.




Bəqai əlavə edib ki, diplomatiyada hər zaman anlaşılmazlıqlar
mövcud olsa da, İranın məqsədi beynəlxalq arenada öz məntiqi və
haqlı olduğunu əks etdirmək olub. İran diplomatları İranın dialoq
tərəfdarı olduğunu əks etdirdilər. Lakin ABŞ tərəfi ötən 10 il
ərzində üçüncü dəfə olaraq İranla diplomatik prosesi görməməzlikdən
gəlib.

“İranın Minab şəhərində qız məktəbinin vurulması nəticəsində
çoxlu sayda şagird və müəllimin ölməsi qəbuledilməzdir və İran bunu
hərbi cinayət hesab edir”, – deyə o qeyd edib.

Qeyd edək ki, İsrail və ABŞ-nin İrana hərbi hava hücumları
fonunda İranın cənubunda Hörmüzqan vilayətinin Minab rayonunda qız
məktəbində 85 nəfər ölüb, 92 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.