
Bakı. Trend:
XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının
34 ili geridə qaldı. Aradan illər, onilliklər ötsə də, xalqımız bu
faciəni hər zaman dərin hüzn və kədərlə qarşılayır, şəhidlərin
xatirəsini böyük ehtiramla yad edir. Fevralın 26-da Xocalı
şəhərində Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və
ailə üzvlərinin iştirakı ilə açılışı olan Xocalı Soyqırımı
Memorialı da xalqımızın soyqırımı qurbanlarının xatirəsinə olan
dərin ehtiramının təcəssümüdür.
Bu gün dövlət və xalq olaraq qarşımızda duran əsas vəzifələrdən
biri Ermənistanın xalqımıza vurduğu dərin mənəvi yaralar, o
cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq
ictimaiyyətə çatdırılmasıdır. Ən önəmli məsələlərdən biri, əlbəttə
ki, respublikamızın hər zaman güclü olmasıdır. Dövlətimiz elə bir
gücə malik olmalıdır ki, düşmən bir daha torpaqlarımıza göz dikə
bilməsin. Bu baxımdan Prezident İlham Əliyevin Xocalıda Soyqırımı
Memorialının açılışında etdiyi proqram xarakterli çıxışında
səsləndirdiyi fikirlər göstərdi ki, bu vəzifələrin hər biri uğurla
yerinə yetirilir. Dövlətimizin başçısının bu çıxışını Azərbaycanın
öz milli haqqını bərpa etməsinin, tarixi ədalətsizliyə son
qoymasının əhatəli və məzmunlu siyasi təhlili də adlandırmaq
mümkündür.
Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti Xocalı soyqırımının
beynəlxalq səviyyədə tanınması və bu müstəvidə Ermənistanın işğalçı
siyasətinin ifşası üçün sistemli və koordinasiya olunmuş şəkildə
fəaliyyət həyata keçirməkdədir. Prezident İlham Əliyevin Xocalıda
Soyqırımı Memorialının açılışında qeyd etdiyi kimi, bu faciəni
dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya
birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai
təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox
qurumlar fəal çalışıblar. Bu sırada Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən
başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasını xüsusi qeyd
etməliyik. Bütövlükdə, həm dövlət, həm də ictimai təşkilatlar
səviyyəsində həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, 20-yə
yaxın ölkə Xocalıda baş verənləri Azərbaycan xalqına qarşı həyata
keçirilmiş soyqırımı kimi rəsmən tanıyıb.
Yalnız xalqımızın deyil, bəşəriyyətin yaddaşına ən dəhşətli bir
soyqırımı cinayətinin yaşandığı məkan kimi yazılan Xocalı şəhəri bu
gün xalqımızın sarsılmaz iradəsinin və döyüş meydanında bərpa
olunan milli qürurumuzun rəmzinə çevrilib. Yenidən qurulan və əzəli
sakinlərinə qucaq açan bu şəhər öz dirçəlişi ilə həm də
xocalılıların düşməndən alınan qisasını dünyaya bəyan edir.
Xocalıda Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya
əsasında inşa edilən Soyqırımı Memorialının timsalında isə cənab
Prezidentin dediyi kimi Azərbaycan xalqının əyilməz ruhunu görürük.
Bu memorial Prezident İlham Əliyevin 2025-ci ilin fevralında
imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının
xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək
nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə
yaradılıb.
Ümumiyyətlə, torpaqlarımızın işğalı və bu müstəvidə xalqımızın
başına gətirilmiş faciələr dünyanın gözü qarşısında baş verən böyük
tarixi ədalətsizlik idi. İşğalçı da, soyqırımını kimlərin törətdiyi
məlum olsa da, təəssüf ki, 30 ilə yaxın bir müddətdə beynəlxalq
ictimaiyyət, əsasən Qərb siyasi dairələri həqiqətləri etiraf
etməkdən uzaq oldular. Nəinki uzaq oldular, hətta dolayı və açıq
şəkildə Ermənistanın işğal siyasətinə dəstək verdilər. Lakin
dövlətimiz öz haqlı mövqeyindən, tarixi ədalətin bərpası
istiqamətində yolundan dönmədi. Soyqırımı Memorialının açılışında
etdiyi çıxışda bütün bunların təhlilini verən Prezident İlham
Əliyev tarixi ədalətin bərpası prosesini bir neçə əsas mərhələyə
ayıraraq dedi: “Biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki,
beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu
faciəmizə biganə yanaşırdılar. Yenə də bildirmək istəyirəm,
Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə
çalışırdılar. Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yə
yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi,
Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı
şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son
addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda hərbi
cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı
soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış
quldurlar məhkəmə qarşısında cavab verməli oldular”.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın erməni işğalına son
qoyması və ərazi bütövlüyünü bərpa etməsi zərgər dəqiqliyi ilə
həyata keçirilmiş mükəmməl siyasətin nəticəsidir. Beləliklə, bütün
təzyiqlərə rəğmən, dövlətimizin öz yolundan dönməzliyi, həyata
keçirilən qətiyyətli, ardıcıl və sistemli siyasət nəticə etibarilə
tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyevin çox düzgün
olaraq vurğuladığı kimi, müharibə cinayətkarlarını ədalət
məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək bizim
ədalətimizin son nöqtəsi idi.
Azərbaycanın Vətən müharibəsində və antiterror əməliyyatlarında
qazandığı zəfərlər dünya hərb və siyasət tarixinin unikal
hadisələridir. Çünki İkinci Dünya Müharibəsindən sonra dünyada
çoxsaylı müharibələr baş versə də, nəticə etibarilə Azərbaycan kimi
özünün milli haqqını və ədaləti mütləq şəkildə təmin edən ikinci
dövlət göstərmək mümkün deyil. Ona görə Azərbaycanın zəfəri həm də
dünya üçün bir nümunədir. Eyni zamanda Prezident İlham Əliyevin
liderliyi ilə Azərbaycan artıq öz yüksəlişinin elə bir mərhələsinə
yetişib ki, artıq ötən əsrin 90-cı illərinin əvvəllərində olduğu
kimi respublikamıza qarşı tarixi ədalətsizliklərin baş verməsi
mümkün deyil. Bu mənada Prezident İlham Əliyev Xocalıdan həm də
Azərbaycanın yaratdığı reallıqları qəbul etmək istəməyən siyasi
dairələrə də mesaj verərək dedi: “Biz bu Memorial Kompleksin
açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan
dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı
bir təxribat törətmək gəlməsin”.
Dövlətimizin başçısının bu sözləri həm də bu gün anti-Azərbaycan
siyasi mərkəzlərin sifarişlərini yerinə yetirərək, respublikamızın
uğurlarına qarşı çıxan antimilli ünsürlərə ünvanlanıb. Milli
hisslərdən, əxlaqdan və mənəviyyatdan uzaq olan bu satqın qaragüruh
heç vaxt öz məkrli niyyətlərinə çata bilməyəcək. Çünki xalqımız
respublikamıza yüksəliş və zəfər bəxş edən, Azərbaycana regionda və
dünyada yüksək nüfuz qazandıran Prezident İlham Əliyevin ətrafında
hər zaman sıx səfərbərdir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı


