Pakistan-Əfqanıstan münaqişəsi: 330-dan çox taliban döyüşçüsü öldürülüb

Baş səhifə

Bakı. Trend:

Pakistan-Əfqanıstan sərhədində vəziyyət gərgin olaraq qalır. Son
bir neçə saat ərzində Pakistan silahlı qüvvələri həmlə
əməliyyatlarını davam etdirərək, bir neçə əfqan postunu nəzarətə
götürüb.

Trend bu barədə
Pakistanın dövlət mediasına istinadən xəbər verir.

Məlumata görə, sərhədin Qila Seyfullah sektorunda 2, Əzam Varsak
sektoruna bir, eləcə də Xeybər, Omari və Nuşki sektorlarında bir
neçə postun ələ keçirildiyi bildirilir.

Qeyd edək ki, Pakistanın İnformasiya Naziri Attaullah Tərarın
son açıqlamasına əsasən, son bir neçə gün ərzində gedən
toqquşmalarda 331 əfqan-taliban döyüşçüsü öldürülüb, 500-dən çox
döyüşçü yaralanıb.




Bundan başqa nazir bildirib ki, 104 Taliban postu, 163 tankı və
digər zirehli texnika məhv edilib. Ümumilikdə 22 əfqan postuun
nəzarətə götürüldüyü qeyd olunur.

Xatırladaq ki, fevralın 26-sı axşam saatlarında
Pakistan–Əfqanıstan sərhədində vəziyyət yenidən gərginləşib. Kabil
Pakistanın Əfqanıstan ərazisinə endirdiyi son aviazərbələrə cavab
olaraq hərbi əməliyyat həyata keçirdiyini bildirib. İslamabadda isə
Pakistan silahlı qüvvələrinin cavab tədbirləri nəticəsində 274-dən
çox əfqan hərbçinin həlak olduğu və təxminən 115 vahid hərbi
texnikanın məhv edildiyi açıqlanıb.

Əfqanıstan Müdafiə Nazirliyi fevralın 27-si səhər saatlarında
əməliyyatın başa çatdığını elan edərək 55 pakistanlı hərbçinin
öldürüldüyünü, 2 hərbi bazanın və 19 sərhəd postunun ələ
keçirildiyini bildirib.