
Bakı. Trend:
Haaqa şəhərinin baş kilsəsi və əsas dini-mədəni mərkəzi olan
“Grote Kerk”də Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə
“Əbədi əks-sədaların elegiyası” adlı anım tədbiri keçirilib.
Trend bu barədə
Azərbaycanın Niderlanddakı Səfirliyinə istinadən xəbər verir.
Tədbirdə Niderlandın dövlət qurumlarının, parlamentinin, ölkədə
akkreditə olunmuş diplomatik korpusun, siyasi-ictimai, mədəniyyət,
elmi dairələrin nümayəndələri iştirak edib.
Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə çıxışında
Xocalı soyqırımının dəhşətli nəticələrini xatırladıb, bu günlərdə
soqyırımın 34-cü ildöünümü münasibətilə Niderlandın müxtəlif
şəhərlərində keçirilmiş tədbirlər haqda məlumat verib. Diplomat
bildirib ki, Avropada Xocalı soyqırımına həsr olunmuş ilk abidənin
məhz Haaqa şəhərində ucaldılması Niderlandın tarixi yaddaşa
hörmətinin, Azərbaycan xalqı ilə həmrəyliyinin və ölkələrimiz
arasındakı insani və mədəni bağların göstəricisidir. O vurğulayıb
ki, Xocalı faciəsi Azərbaycanın tarixində sağalmamış bir yara
olaraq qalır və şəhidlərimizin müqəddəs xatirəsi əbədi olaraq
qəlblərdə yaşayacaq. Diplomat həmçinin qeyd edib ki, Prezident
İlham Əliyevin rəhbərliyi, xalqın birliyi və milli ordunun şücaəti
sayəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa
edib və regionda davamlı sülhün təmin olunmasına yönəlmiş
qətiyyətli addımlar atır.
M.Əhmədzadə bildirib ki, italyan və Niderland musiqiçilərindən
ibarət “I Briconcello” kamera ansamblının təqdim edəcəyi “Əbədi
əks-sədaların elegiyası” konserti vasitəsilə Azərbaycan, qlobal
səviyyədə sülh və ədalət paytaxtı kimi tanınan Haaqa şəhərindən öz
dostları ilə birlikdə, musiqinin dilində rəmzi olaraq dünya
ictimaiyyətinə sülh və ədalət mesajı çatdırır.
Ardınca “I Briconcello” kamera ansamblının direktoru maestro
Pierluici Ruccero çıxış edib.
Maestro bildirib ki, ansamblın təqdim etdiyi “Əbədi
əks-sədaların elegiyası” konsert proqramı Vətən müharibəsi dövründə
Azərbaycanla həmrəylik nümayiş etdirmiş İtaliyanın müxtəlif
şəhərlərində 2021-ci ildə səhnəyə qoyulub və Azərbaycanın ərazi
bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ithaf
olunub. O əlavə edib ki, repertuar musiqinin sərhədləri aşaraq
insanları birləşdirdiyini, hörmət, dialoq və qarşılıqlı anlaşmanı
təşviq etdiyini, həmçinin Azərbaycanın çoxəsirlik multikultural və
dini tolerantlıq ənənəsini rəmzi olaraq əks etdirir.
Tədbirin musiqi proqramında dünya şöhrətli bəstəkarların həzin
və lirik əsərləri ilə yanaşı, Fərhad Bədəlbəylinin “Şuşa” əsəri,
Kəmalə Əlizadənin aranjmanında Azərbaycan xalq mahnısı “Sarı
gəlin”, Qara Qarayevin “Yeddi gözəl” baletindən parçalar və Sevda
İbrahimovanın seçilmiş əsərləri səsləndirilib.


