
Tbilisidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan sərgi və film nümayişi keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı soyqırımınin 34-cü ildönümü ilə əlaqədar “Unutmadıq, Unutdurmarıq” adlı anım sərgisi təşkil olunub.
Tbilisi şəhərində keçirilən tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilib. Sərgidə 1992-ci ilin fevralında baş vermiş faciə zamanı çəkilmiş real fotoşəkillər nümayiş etdirilib. Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən sənədli film də nümayiş olunub.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nümayəndələri, SOCAR-ın dəstəyi ilə təhsil alan tələbələr, Gürcüstanda yaşayan azərbaycanlı icmasının üzvləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir. O qeyd edib ki, faciənin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və qurbanların xatirəsinin yaşadılması hər bir azərbaycanlının mənəvi borcudur.
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sənan Baxşıyev çıxışında Xocalı faciəsinin tarixi-siyasi mahiyyətindən danışıb. O bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc sakinləri amansız qətliama məruz qalıb. Qadınlar, uşaqlar və yaşlılar xüsusi qəddarlıqla öldürülüb, yüzlərlə insan yaralanıb, əsir götürülüb və itkin düşüb.
Qeyd edilib ki, Dağlıq Qarabağ bölgəsində baş verən hadisələr minlərlə ailəni doğma torpaqlarından didərgin salıb. Xocalı ağrısı uzun illər Azərbaycan xalqının yaddaşında yaşayaraq ədalət çağırışına çevrilib.
Çıxışlarda vurğulanıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan qələbə regionda yeni geosiyasi reallıq yaradıb.
Bu gün Xocalı şəhərinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı istiqamətində işlər aparılır. Yeni yaşayış evləri, məktəblər və infrastruktur layihələri həyata keçirilir. Çıxışlarda Xocalıya qayıdışın təkcə fiziki məskunlaşma deyil, həm də ədalətin bərpası və tarixi yaddaşın zəfəri olduğu qeyd edilib.
Sonda Xocalı şəhidlərinin xatirəsi ehtiramla yad edilib və tarixi yaddaşın qorunmasının vacibliyi vurğulanıb. Tədbir Xocalı faciəsindən bəhs edən filmin nümayişi ilə yekunlaşıb.


