
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocalıdan olan məcburi köçkününlərin bir qrupunun iştirakı ilə anım tədbiri keçirilib.
Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı əsrlər boyu apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, erməni silahlı dəstələrinin, keçmiş Sovet ordusunun 366-cı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri dəhşətli soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.
Bildirilib ki, hazırda Xocalı rayonunda bərpa və quruculuq işləri davam etdirilir. Bu günədək Xocalı şəhərində və rayonun Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Daşbulaq, Xanabad, Seyidbəyli, Ballıca kəndlərində yüzlərlə keçmiş məcburi köçkün daimi məskunlaşdırılıb və onların sayı daha da artacaq.
Tədbirdə Xocalı soyqırımı və Böyük Qayıdış haqqında videoçarxlar nümayiş olunub.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


