“Xocalı: Əsir Uşaqlıq” sənədli filmi təqdim edilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Fevralın 25-də Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə
kampaniyası çərçivəsində Nizami Kino Mərkəzində “Xocalı: Əsir
uşaqlıq” sənədli filminin təqdimatı keçirilib.

Trend xəbər
verir ki, təqdimatda millət vəkilləri, dövlət rəsmiləri, Xocalı
sakinləri və gənclər, o cümlədən gənclər təşkilatlarının
nümayəndələri iştirak ediblər.

Təqdimatdan öncə Kino Mərkəzinin foyesində Xocalı faciəsindən
dərhal sonra lentə alınmış fotoşəkillərdən ibarət sərgi nümayiş
olunub. Sərginin əsas məqsədi faciə zamanı Xocalı sakinlərinin
yaşadığı dəhşətli anları yenidən xatırlamaq və soyqırımı
qurbanlarının xatirəsini yad etmək olub.

Təqdimat Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.




Daha sonra təqdim olunan “Xocalı: Əsir uşaqlıq” sənədli filmində
Xocalıda yaşamış Məmmədovlar ailəsinin 8 üzvünün əsir götürülməsi
və onların başına gətirilən faciəvi hadisələr və şahid ifadələri öz
əksini tapıb. Ekran əsərində Məmmədovlar ailəsinin üzvü Mürvət
Məmmədov Xocalı faciəsi zamanı mülki əhalinin, xüsusilə də
uşaqların yaşadıqları ağır taledən, həmçinin “Böyük Qayıdış”
layihəsi çərçivəsində Xocalıya geri qayıdan sakinlərin eyni anda
yaşadığı kədər və sevinc hissindən bəhs edilib.

Nümayişdən sonra Azərbaycan Respublikasının Gənclər Fondunun
icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və Milli
Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək Xocalı şəhərinin və
onun dinc sakinlərinin başına gətirilən ağır faciədən, bu faciənin
təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı
törədilmiş cinayət kimi tarixdə qalmasından, eyni zamanda, gənc
nəslin tarixi yaddaşının möhkəmləndirilməsi istiqamətində həyata
keçirilən layihələrin əhəmiyyətindən danışıblar.

Ardınca “CVN Group”un baş direktoru, filmin müəllifi Səbinə
Məlikova və soyqırımının canlı şahidi Mürvət Məmmədov çıxış edərək
erməni əsirliyində baş verən dəhşətlərin unudulmamasının
vacibliyini vurğulayıblar.

Qeyd edək ki, sənədli film Azərbaycan Respublikasının Gənclər
Fondu, Belə-Belə İşlər və CVN TV, “Böyük Qayıdış” Gənclər
Təşkilatının birgə əməkdaşlığı ilə ərsəyə gətirilib.