
Bakı.Trend:
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin
ən qanlı səhifələrindən biri yazıldı. Bu, təkcə Azərbaycan
tarixinin deyil, dünya tarixinin ən qara səhifələrindən biri
idi.
Bunu Trend-ə
açıqlamasında politoloq Azər Qarayev deyib.
O bildirib ki, erməni hərbi birləşmələri Xocalının bir neçə saat
ərzində faktiki olaraq yer üzündən silinməsinə hesablanan
əməliyyatlar və insanlıq əleyhinə cinayətlər törədib. Nəticədə
dünya tarixinin ən qanlı soyqırımılarından biri – Xocalı soyqırımı
baş verib:
Qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın 70-i ahıl insan
idi. Bundan əlavə 1 275 nəfər əsir götürüldü. Əsirlərdən 150
nəfərin taleyi uzun müddət naməlum qaldı. Təsəvvür edin, 8 ailə
tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir
valideynini itirdi. Bütün bu rəqəmlər dəhşətli bir soyqırımın
ayrı-ayrı lövhələridir. Bu rəqəmlər sadəcə statistika deyil – bir
şəhərin sistemli şəkildə məhv edilməsinin göstəricisidir.
Azər Qarayev bildirib ki, Xocalıda baş verənlər təsadüfi hərbi
toqquşma deyil:
Bu akt nəticəsində dinc əhali Xocalıdan çıxmağa çalışarkən atəşə
tutulub, mülki şəxslər xüsusi amansızlıqla öldürülüb, meyitlərə
qarşı zorakılıq edilib. Bütün bunlar beynəlxalq humanitar hüququn
kobud şəkildə pozulması deməkdir. Tarix boyu insanlığa qarşı
törədilmiş cinayətlər arasında müxtəlif miqyaslarda faciələr olub.
Məsələn, Holokost – milyonlarla insanın sistemli şəkildə məhv
edilməsi ilə XX əsrin ən böyük soyqırımı hesab olunur. Srebrenitsa
soyqırımı – Avropada II Dünya müharibəsindən sonra baş vermiş ən
ağır kütləvi qırğın kimi tanınır. Xocalı faciəsi də bu hadisələrlə
müqayisədə daha az sayda qurbanla nəticələnsə də, xarakteri və
törədilmə üsulu baxımından – mülki əhaliyə qarşı yönəlmiş planlı və
amansız hücum kimi – insanlığa qarşı qəti cinayət kateqoriyasına
daxil edilir. Burada əsas məsələ yalnız qurbanların sayı deyil,
cinayətin mahiyyətidir: silahsız mülki əhalinin hədəf alınması,
qaçmağa çalışan insanların qətlə yetirilməsi, ailələrin tamamilə
məhv edilməsi.
Politoloq Qarabağın, Xocalının işğaldan azad edilməsini
Azərbaycan xalqının uğradığı soyqırımı travmasından çıxmaqda böyük
rol oynadığını düşünür:
Bu proses təkcə hərbi və siyasi nəticə kimi deyil, həm də uzun
illər davam edən kollektiv travmanın müəyyən mənada sağalması kimi
qiymətləndirilməlidir. Xüsusilə Xocalı soyqırımı zamanı həyatını
itirən insanların xatirəsi kontekstində ərazi bütövlüyünün təmin
olunması Azərbaycan cəmiyyətində simvolik və mənəvi məna
daşıyır.
Xocalı faciəsi zamanı mülki əhalinin kütləvi şəkildə qətlə
yetirilməsi yalnız bir şəhərin taleyi deyil, bu hadisə ölkənin
yaddaşında sağalmaz iz buraxıb. Uzun illər ərzində həmin
torpaqların nəzarət altında olmaması, həm də ədalətin bərpası ilə
bağlı açıq qalan suallar kimi qəbul edildi. Prezident, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağın azad edilməsi
xalqın, cəmiyyətin məğlub ruh halını dəyişdi. Bu gün Azərbaycan
bütün keçmişinə, ağrılarına məğrur baxa bilən bir toplumdan
ibarətdir. Artıq bizə qarşı törədilən faciələri, soyqırımılarını
unutmadan gələcəyə böyük addımlarla irəliləyən bir xalqıq.


