
Bakı. Trend:
Britaniyanın Suffolk qraflığında Ukraynanın ilk pilotsuz uçuş
aparatı (PUA) istehsalı zavodu fəaliyyətə başlayıb.
Trend bu barədə
Britaniya KİV-ə istinadən xəbər verir.
Ukraynanın “Ukrspecsystems” şirkəti Mildenhall və Elmsett
ərazilərində yerləşən obyektlərə 200 milyon funt sterlinq sərmayə
yatırıb. Britaniyanın müdafiə hazırlığı və sənaye üzrə naziri Luke
Pollard bildirib ki, bu investisiya iki ölkə arasında müdafiə
əməkdaşlığını daha da dərinləşdirir.
Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı isə qeyd
edib ki, Böyük Britaniyada zavodun yaradılması strateji baxımdan
məntiqlidir ,istehsalın fasiləsizliyini təmin edir:
“Bu, ağırlıq mərkəzinin Ukraynadan uzaqlaşdırılması demək deyil.
Bu, birgə imkanlarımızın genişləndirilməsi və istehsalın
davamlılığını təmin edən ikinci müdafiə xəttinin
yaradılmasıdır”.
Qeyd edək ki, Böyük Britaniya daha əvvəl Ukraynada yerləşən
Ukrspecsystems zavodlarından 80-dən çox “SHARK” və “Mini-SHARK”
pilotsuz uçuş aparatı sifariş edib və müəssisənin açılışını iki
ölkə arasında 100 illik tərəfdaşlığın “aydın nümayişi” kimi
qiymətləndirib.
2014-cü ildə təsis edilmiş şirkət müxtəlif növ pilotsuz uçuş
aparatları istehsal edir. Böyük Britaniyanın Müdafiə Nazirliyinin
məlumatına görə, bu dronlar 2022-ci ilin fevralından etibarən
Rusiyaya təxminən 3 milyard ABŞ dolları (2,6 milyard funt sterlinq)
həcmində ziyan vurub.


