
Lüksemburqda Xocalı faciəsinin qurbanlarının xatirəsi Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyasının təşkil etdiyi tədbirdə yad edilib.
“Report”un Avropa bürosunun Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı (Aİ) səfirliyinə istinadən verdiyi məlumata görə, tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Müasir Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. O zaman Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə şəhərə hücum edərək qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 613 dinc vətəndaşın həyatına son qoyub. Yüzlərlə insan yaralanıb, mindən çoxu əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.
Tədbiri açan Azərbaycan və Lüksemburq Dostluq Assosiasiyasının (LuxAz) sədri Seymur Əhmədov çıxışında Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında dərin iz buraxdığını vurğulayaraq tarixi ədalətin bərpasının əhəmiyyətini qeyd edib və gələcək nəsillərə sülh və insan həyatının dəyərinin aşılanmasının vacibliyini bildirib.
Azərbaycan səfirliyinin 1-ci katibi Emin Rüstəmov qeyd edib ki, beynəlxalq səviyyədə ədalətin və baş verənlərin tanınması üçün “Xocalıya ədalət!” kampaniyası böyük əhəmiyyət daşıyır: “Bu kampaniya 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən təşəbbüs edilib və o vaxtdan bəri dünyanın onlarla ölkəsində dəstək qazanıb. Bu günə qədər 20-dən çox dövlətin parlamentləri və qanunvericilik orqanları Xocalı faciəsini tanıyan qətnamə və bəyanatlar qəbul edib”.
Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş “13” bədii-sənədli film nümayiş etdirilib, foto-sərgi təqdim olunub və iştirakçılar üçün ehsan süfrəsi təşkil edilib.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Lüksemburqda yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


