Azərbaycan ilə Malayziya arasında iqtisadi əlaqələr müzakirə olundu (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin
investisiya, ticarət və sənaye naziri Johari Abdul Qani ilə
görüşüb.

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən Trend-ə verilən məlumata
görə, görüşdə Azərbaycan və Malayziya arasında mövcud iqtisadi
əlaqələr və bu əlaqələrin genişləndirilməsi perspektivləri, o
cümlədən ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı
məsələləri müzakirə olunub.

Səfir Azərbaycanda aparılan iqtisadi islahatlar və qeyri-neft
sektorunun inkişafı barədə məlumat verərək, Malayziya şirkətlərini
Azərbaycana investisiya qoymağa dəvət edib. Bu xüsusda, müvafiq
dövlət qurumları və işgüzar dairələr arasında qarşılıqlı səfər
mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Johari Abdul Malayziya ilə Azərbaycan arasında iqtisadi
əməkdaşlıq münasibətlərinin inkişafına maraq ifadə edib və iki ölkə
arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səylər
göstərəcəyini bildirib.

Həmçinin, görüşdə Azərbaycanın cari ildə bir sıra mühüm
beynəlxalq tədbirlərə, o cümlədən Ümumdünya Şəhərsalma Forumuna ev
sahibliyi edəcəyi diqqətə çatdırılıb.