
Bakı. Trend:
Yaponiyanın “SkyDrive Inc.” startapı sərnişin daşınması üçün
nəzərdə tutulan pilotsuz uçuş aparatının ilk nümayiş xarakterli
uçuşunu həyata keçirib.
Trend bu barədə
Yaponiya KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, uzaqdan idarə olunan “SD-05” innovativ nəqliyyat
vasitəsi “Mitsubishi Estate Co. və Kanematsu Corp.” şirkətləri
tərəfindən hazırlanıb. Aparat ilk uzaqdan idarə olunan uçuşunu
Tokio körfəzi üzərində həyata keçirib. Uçuş təxminən dəqiqə yarım
davam edib və aparat təxminən 150 metr məsafə qət edib.
“SD-05” pilotsuz aparatı 12 daşıyıcı vint və akkumulyator
batareyaları ilə təchiz olunub. Bu xüsusiyyətlər sayəsində o, 15-40
kilometr məsafə qət edə bilir. Nəqliyyat vasitəsi üç nəfərin
daşınması üçün nəzərdə tutulub.


