
Bakı. Trend:
ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA)
Almaniyanın BMW şirkətinin ABŞ-də 58 713 avtomobili geri
çağırdığını açıqlayıb.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, geri çağırılmaya səbəb kondisioner sisteminin
naqillərində aşkar olunan zədələnmədir. Bu nasazlıq qısaqapanma
riskini artıra bilər.
NHTSA-nın məlumatına əsasən, geri çağırılma bir neçə modeli
əhatə edir. Bunlar arasında “M5 Sportswagon”, “M5” və “750e xDrive”
modelləri də var.
Şirkət sözçüsü KİV-ə açıqlamasında geri çağırılmanı təsdiqləyib.
Onun sözlərinə görə, aparılan keyfiyyət yoxlaması nəticəsində
təsirə məruz qalan avtomobillərdə kabel marşrutunun
təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.
Sözçü əlavə edib ki, indiyədək bu nasazlıqla bağlı hər hansı
qəza faktı qeydə alınmayıb.


