Boston sakinləri Xocalı soyqırımı haqqında məlumatlandırılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Tarixin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının
34-cü ildönümü ilə əlaqədar ABŞ-nin Boston şəhərində LED ekranlı
avtomobillərin iştirakı ilə məlumatlandırıcı aksiya keçirilib.

Trend xəbər verir ki, bu
barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının
təşkilatçılığı ilə aksiya Bostonun ən intensiv hərəkətli və
strateji əhəmiyyətli küçə və meydanlarında baş tutub.

LED ekranlı avtomobillər Boston Şəhər İdarəsinin və Massaçusetts
ştatının Qubernator Evinin qarşısından keçərək Copley meydanında
hərəkət edib. Xocalı ilə bağlı tarixi həqiqətləri geniş
ictimaiyyətə çatdırmaq üçün avtomobillər şəhərin mərkəzi küçələri –
Boylston, Tremont, Vaşinqton və Bikon istiqamətlərində də yürüş
ediblər.




Ekranlarda ölkəmizin tarixində dərin iz buraxan Xocalı
faciəsinin ağır nəticələrini göstərən şəkillər, ədalətə çağırış
mesajları, yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə
qarşı törədilən cinayət hadisəsi barədə geniş məlumatlar nümayiş
olunub. Həmçinin Xocalı həqiqətləri barədə tarixi faktların qeyd
olunduğu QR kodlar yerləşdirilib.

Aksiya gün ərzində minlərlə şəhər sakini və turist tərəfindən
izlənilib, ictimaiyyət arasında geniş maraq doğurub.

Qeyd edək ki, eyni vaxtda ABŞ-nin paytaxtı Vaşinqtonda və Nyu
York şəhərində də bu cür genişmiqyaslı məlumatlandırma aksiyası
keçirilib.