İKTA-nın təşkilatçılığı və MEDİA-nın dəstəyi ilə media nümayəndələri üçün praktik təlim keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA)
təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN)
və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə media
nümayəndələri üçün “A-dan Z-yə internet: media üçün praktik təlim”
təşkil olunub.

Trend xəbər verir ki,
tədbirin açılışında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müşaviri Rəşad Bayramov ölkədə rəqəmsallaşmaya və
rəqəmsal savadlılığın artırılmasına xüsusi önəm verildiyini
bildirib. O qeyd edib ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində
ölkənin bütün ərazilərində sabit genişzolaqlı internetə çıxış
imkanı yaradılıb.

Bildirilib ki, 2020-ci ilin sonunda ölkə üzrə median yükləmə
sürəti təxminən 10 Mbit/s olduğu halda, 2025-ci ilin sonunda bu
göstərici 90 Mbit/s-yə yüksəlib. Bu artım son illərdə internet
infrastrukturunun modernləşdirilməsi istiqamətində atılan
addımların nəticəsidir.

İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov çıxışında
telekommunikasiya sahəsində aparılan islahatların əsas
prioritetlərindən birinin xidmət keyfiyyətinin yüksəldilməsi
olduğunu vurğulayıb.

O bildirib ki, dayanıqlı infrastrukturun formalaşdırılması,
şəffaf bazar mühitinin təmin olunması və vətəndaş məmnunluğunun
artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Sədr qeyd edib ki, jurnalistlər üçün təşkil olunan təlimin əsas
məqsədi internetlə bağlı mövzularda ictimaiyyətin daha düzgün və
obyektiv məlumatlandırılmasına töhfə vermək, texniki anlayışların
sadə və dəqiq formada izahını təşviq etməkdir.

Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun
müavini Natiq Məmmədli isə sahəvi jurnalistikanın inkişafının
əhəmiyyətini vurğulayaraq bildirib ki, ixtisaslaşmış və peşəkar
yanaşma media məzmununun keyfiyyətini artırır və cəmiyyətin düzgün
məlumatlandırılmasına xidmət edir. Onun sözlərinə görə, müasir
texnologiyalar sahəsində biliklərin artırılması jurnalistlərin
peşəkar inkişafında mühüm rol oynayır.




Təlim çərçivəsində iştirakçılara internetin işləmə prinsipləri,
sürət və keyfiyyət anlayışları, “Wi-Fi” texnologiyaları, modem və
digər avadanlıqların rolu, ölçmə metodları, eləcə də internet
problemlərinin düzgün diaqnostikası ilə bağlı praktik və
tətbiqyönümlü məlumatlar təqdim olunub.

İnteraktiv sessiyalar zamanı jurnalistlərin tez-tez qarşılaşdığı
suallar real nümunələr əsasında müzakirə edilib, internet sürətinə
təsir edən faktorlar sistemli şəkildə izah olunub və media üçün
düzgün terminologiya və yanaşmalar açıqlanıb.

Təlim İKTA-nın sahə üzrə ixtisaslaşmış mütəxəssisləri tərəfindən
aparılıb. Həmçinin telekommunikasiya xidmətlərinin tənzimlənməsi,
mövcud beynəlxalq trendlər və tənzimləyici mexanizmlər barədə
ətraflı məlumat verilib, iştirakçıların sualları
cavablandırılıb.

Bu cür maarifləndirici təşəbbüslər ictimaiyyətin internet və
rəqəmsal xidmətlər barədə düzgün məlumatlandırılmasına, mediada
yanlış anlayışların qarşısının alınmasına və tənzimləyici qurumlara
ictimai etimadın artırılmasına xidmət edir.

Qeyd edək ki, bu təşəbbüs İKTA və MEDİA arasında tərəfdaşlıq
çərçivəsində həyata keçirilən ilk tədbirdir. Gələcəkdə jurnalistlər
və müxtəlif hədəf qrupları üçün analoji maarifləndirici təlimlərin
keçirilməsi nəzərdə tutulur.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.