
Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə cari ilin yanvar ayı ərzində 5 milyon 452 min manat sığorta haqqı toplayıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2025-ci ilin yanvar ayı ilə müqayisədə 2,9% və ya 164 min manat azdır. Ötən ilin ilk ayında KASKO sığorta üzrə 5 milyon 616 min manat sığorta haqqı toplanıb.
Bu dövrdə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərinin həcmi 2 milyon 429 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,6% və ya 38 min manat çoxdur. 2025-ci ilin yanvar ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 2 milyon 391 min manata bərabər olub.
Onu da bildirək ki, ötən ilin yanvar ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 42.6 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk ayında bu rəqəm 44.6 manat təşkil edib.
İlahə Səlimova


