
Bakı. Trend:
Dünya Bankının “Qadınlar, Biznes və Hüquq 2026” (Women, Business
and the Law 2026 ) hesabatına əsasən, Azərbaycan hüquqi baza
indeksi üzrə 72,18 bal toplayıb, dəstəkləyici tədbirlər indeksi
47,58, qanunların icrasının qavranılması indeksi isə 59,12 təşkil
edib.
Trend xəbər verir
ki, Dünya Bankının məlumatına görə, aparılan araşdırmalar artıq
Azərbaycanda konkret islahatların həyata keçirilməsi ilə
nəticələnib.
“Hesabatın “Qadınlar, Biznes və Hüquq 2026” məlumatları dünya
üzrə qanunvericilikdə genişmiqyaslı dəyişiklikləri stimullaşdırıb.
Məsələn, Azərbaycanda hesabatın nəticələri Əmək Məcəlləsinə edilən
dəyişikliklərə gətirib çıxarıb və bu dəyişikliklər qadınların
məşğulluğu sahəsində mövcud olan 674 məhdudiyyətin aradan
qaldırılmasını təmin edib”, – deyə hesabatda bildirilir.
Qeyd edək ki, “Qadınlar, Biznes və Hüquq 2026” hesabatında ilk
dəfə olaraq yalnız dünya iqtisadiyyatlarında qanunların bərabərlik
səviyyəsi deyil, həm də onların tətbiqinin effektivliyi
qiymətləndirilir. Nəticələr formal hüquqi bərabərliklə real
nəticələr arasında qlobal miqyasda ciddi fərqin mövcud olduğunu
göstərir.
Orta hesabla iqtisadiyyatlar qadınların iqtisadi bərabərliyini
dəstəkləyən qanunları ölçən indeks üzrə 100 mümkün baldan 67 bal
toplayır. Lakin bu göstərici qanunların icrası qiymətləndirildikdə
orta hesabla 53 bala, hüquqların həyata keçirilməsi üçün zəruri
sistemlərin yetərliliyinin təhlili zamanı isə 47 bala qədər
azalır.
“Hətta gender bərabərliyini təmin edən qanunların mövcud olduğu
hallarda belə, qadınlar çox vaxt öz hüquqlarını həyata keçirmək
üçün institusional dəstəkdən məhrum qalırlar. Məhkəmələr,
tənzimləyici orqanlar və inzibati sistemlər qoruyucu mexanizmlərin
real təsir göstərməsi üçün həddindən artıq zəif, kifayət qədər
maliyyələşdirilməmiş və ya parçalanmış ola bilər. Bunun nəticələri
yalnız ədalət məsələsi ilə məhdudlaşmır. Qlobal iqtisadi artımın
zəiflədiyi və demoqrafik təzyiqlərin artdığı şəraitdə qadınların
iqtisadi həyatdan kənarda qalması təkcə ədalətsiz deyil, həm də
qeyri-səmərəlidir. Çoxsaylı tədqiqatlar göstərir ki, qadınlar
işlədikdə, idarəetmədə iştirak etdikdə və innovasiyalar tətbiq
etdikdə iqtisadiyyatlar daha məhsuldar olur, şirkətlər daha
effektiv fəaliyyət göstərir, cəmiyyətlər isə daha dayanıqlı olur”,
– hesabatda qeyd edilib.
Dünya Bankı vurğulayır ki, gender inklüzivliyi əmək bazarlarını
gücləndirir, məhsuldarlığı artırır və iqtisadi dinamikanı
stimullaşdırır. Qadınların iqtisadi iştirakının genişləndirilməsi
yalnız sosial məqsəd deyil, həm də iqtisadi zərurətdir:
“Bu, dünyanın bəzi regionlarında, məsələn Cənubi Asiyada
iqtisadi potensialın artırılması üçün ən effektiv strategiyalardan
biri ola bilər.”


