Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı: enerji əməkdaşlığından qlobal logistika və rəqəmsal transformasiyaya doğru

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında
münasibətlər üç onillikdən artıqdır ki, ardıcıl və yüksələn xətt
üzrə inkişaf edir. Bu münasibətlər diplomatik təmaslarla
məhdudlaşmayıb, onların mərkəzində iqtisadi əməkdaşlıq dayanıb.
Enerji layihələri ilə başlanan tərəfdaşlıq zaman keçdikcə daha
mürəkkəb və çoxşaxəli iqtisadi platformaya çevrilib. Bu gün Bakı
ilə Vaşinqton arasında əlaqələri təkcə ticarət dövriyyəsi və
investisiya statistikası ilə ölçmək kifayət etməz. Burada söhbət
həm də regional və qlobal miqyasda təsir gücünə malik strateji
iqtisadi sinerjidən gedir.

Azərbaycan–ABŞ iqtisadi münasibətlərinin başlanğıcı 1994-cü ildə
imzalanmış Əsrin Müqaviləsi ilə qoyuldu. Həmin sənəd postsovet
məkanında ən iri enerji razılaşmalarından biri olmaqla yanaşı,
Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasının əsasını
formalaşdırdı. “ExxonMobil” və bp kimi transmilli enerji
nəhənglərinin iştirakı ölkəyə kapitalla yanaşı, texnologiya,
idarəetmə təcrübəsi və beynəlxalq bazarlara çıxış imkanı gətirdi.
Bu əməkdaşlıq modeli sonrakı illərdə iqtisadi münasibətlərin digər
sahələrinə də nümunə oldu.

Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və Cənub Qaz
Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynayır. ABŞ üçün bu, müttəfiq ölkələrin enerji mənbələrinin
şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Enerji
təhlükəsizliyi artıq qlobal sabitliyin əsas elementlərindən biridir
və Azərbaycan bu sistemdə etibarlı təchizatçı kimi qəbul
olunur.

Eyni zamanda, əməkdaşlıq yeni enerji mərhələsinə – “yaşıl
keçid”ə daxil olur. Azərbaycan Xəzər hövzəsində külək enerjisi,
ölkənin müxtəlif regionlarında isə günəş enerjisi potensialını
genişləndirməyə başlayıb. Yaxın illərdə əlavə 7-8 giqavat bərpa
olunan enerji gücünün yaradılması planlaşdırılır. Bu, bir tərəfdən
daxili enerji balansını optimallaşdıracaq, digər tərəfdən isə ixrac
üçün daha çox qaz həcmi formalaşdıracaq. ABŞ şirkətlərinin “yaşıl
enerji”, enerji saxlama sistemləri və şəbəkə idarəetməsi sahəsində
təcrübəsi bu prosesdə mühüm rol oynaya bilər. Beləliklə, enerji
əməkdaşlığı artıq hasilatla deyil, texnologiya və dayanıqlılıq
anlayışı ilə ölçülür.

2025-ci ilin statistikası da göstərir ki, iqtisadi əlaqələr real
və konkret əsaslara söykənir. Belə ki, ötən il iki ölkə arasında
ticarət dövriyyəsi 1,557 milyard dollar təşkil edib. Bununla da ABŞ
Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında altıncı yerdə
qərarlaşıb və ümumi dövriyyədə 3,15 faiz paya malik olub. ABŞ-dən
Azərbaycana idxal olunan 1,495 milyard dollarlıq məhsullar əsasən
yüksək texnologiya, sənaye avadanlıqları və innovativ həllərdən
ibarətdir. Həmçinin ötən il Azərbaycandan ABŞ-yə 61,8 milyon
dollarlıq məhsul ixracı qeydə alınıb. Ümumilikdə, bu, Azərbaycanın
sənaye və infrastruktur modernləşməsinin ABŞ texnologiyaları ilə
paralel getdiyini göstərir.

Digər tərəfdən, Azərbaycanın qeyri-neft sektorunda inkişafı yeni
ixrac imkanları yaradır. Sənaye parkları, aqrar emal müəssisələri,
kimya və metallurgiya sahələri daha rəqabətqabiliyyətli məhsullar
istehsal etməyə başlayıb. ABŞ bazarı keyfiyyət standartları
baxımından yüksək tələblər qoysa da, həmin bazara çıxış Azərbaycan
istehsalçılarının beynəlxalq mövqeyini möhkəmləndirə bilər. Ümumi
xarici ticarət dövriyyəsinin 49,4 milyard dollara çatması ölkənin
qlobal iqtisadi sistemdə aktiv iştirakını göstərir.

İnvestisiya sahəsində dinamika münasibətlərin keyfiyyətcə yeni
mərhələyə keçdiyini sübut edir. 2025-ci ilin ilk doqquz ayında
ABŞ-dən Azərbaycana 133 milyon dollardan çox birbaşa investisiya
daxil olub və bu, illik müqayisədə 30 faiz artım deməkdir. Eyni
zamanda, Azərbaycanın ABŞ iqtisadiyyatına yatırdığı sərmayələrin
117 milyon dollara çataraq 2,5 dəfə artması xüsusi diqqət çəkir. Bu
qarşılıqlı kapital hərəkəti tərəfdaşlığın bərabərhüquqlu xarakter
aldığını göstərir.




2026-cı ilin fevralında Prezident İlham Əliyev və ABŞ-nin
Vitse-prezidenti Cey. Di. Vens tərəfindən imzalanmış Strateji
Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığın yeni istiqamətlərini
müəyyənləşdirdi. Sənəddə logistika, innovasiya, rəqəmsal
transformasiya və sənaye kooperasiyası kimi sahələr ön plana
çıxarılır. Bu isə münasibətlərin təkcə mövcud layihələrə deyil,
gələcək iqtisadi arxitekturaya yönəldiyini göstərir.

Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin yeni mərhələsi ilə
bağlı ABŞ Dövlət katibinin iqtisadi, enerji və işgüzar məsələlərlə
bağlı köməkçisi Kaleb Orr Trend-ə müsahibəsində bildirib ki, hazırda
Azərbaycanda 200-dən çox Amerika şirkəti fəaliyyət göstərir və
Vaşinqton ikitərəfli ticarətin genişlənməsində maraqlıdır.

“İqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün əsas istiqamətlərə
energetikaya investisiyalar, regional əlaqəlilik infrastrukturunun
inkişafı, süni intellekt sahəsində tərəfdaşlıq və rəqəmsal
infrastrukturun gücləndirilməsi daxildir”, – deyə o qeyd edib.

Kaleb Orr əlavə edib ki, ABŞ Azərbaycanın regional rəqəmsal
qovşaq kimi rolunun dəstəklənməsi imkanlarını araşdırır və
Transxəzər marşrutunun inkişafı Avrasiya boyunca ticarəti
transformasiya edə bilər.
Logistika və nəqliyyat sahəsində Azərbaycan artıq Avrasiya
məkanında mühüm tranzit qovşağına çevrilir. Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutu – Orta Dəhliz – Çinlə Avropa arasında alternativ
və daha çevik marşrut təqdim edir. Bu marşrutun inkişafı qlobal
təchizat zəncirlərinin şaxələndirilməsi baxımından böyük əhəmiyyət
daşıyır. Bununla yanaşı, TRIPP təşəbbüsü regiondaxili əlaqəliliyi
gücləndirərək Cənubi Qafqazda iqtisadi inteqrasiyanın
dərinləşməsinə töhfə verə bilər. ABŞ üçün bu layihələr Avrasiyada
dayanıqlı və etibarlı logistika şəbəkəsinin qurulması deməkdir.

Rəqəmsal iqtisadiyyat isə yeni əməkdaşlıq mərhələsinin əsas
sütunlarından birinə çevrilir. ABŞ-nin innovasiya ekosistemi və
texnologiya şirkətləri Azərbaycanın rəqəmsal transformasiyasına
təkan verir. Maliyyə texnologiyaları və elektron ödəniş sistemləri
sahəsində Visa kimi şirkətlərin fəaliyyəti ölkədə nağdsız
iqtisadiyyatın payını artırır. Süni intellekt, böyük data və data
mərkəzləri istiqamətində əməkdaşlıq Azərbaycanın enerji potensialı
ilə texnoloji imkanlarını birləşdirərək yeni iqtisadi model
formalaşdıra bilər.

Beynəlxalq müstəvidə bu tərəfdaşlığın faydaları daha genişdir.
Avropa üçün Azərbaycan etibarlı enerji və tranzit tərəfdaşıdır.
Mərkəzi Asiya ölkələri üçün Azərbaycan üzərindən Qərb bazarlarına
çıxış imkanları genişlənir. ABŞ üçün isə Cənubi Qafqazda iqtisadi
cəhətdən sabit və açıq bazar prinsiplərinə əsaslanan tərəfdaşın
mövcudluğu strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq regional
sabitliyi iqtisadi inteqrasiya vasitəsilə möhkəmləndirən model kimi
çıxış edir.

Beləliklə, Azərbaycan-ABŞ iqtisadi münasibətləri artıq ənənvi
enerji əməkdaşlığından daha yeni mərhələyə qədəm qoyur. “Yaşıl
enerji” keçidi, nəqliyyat və logistika şəbəkələrinin genişlənməsi,
rəqəmsal transformasiya, süni intellekt və qarşılıqlı sərmayə axını
bu münasibətləri yeni keyfiyyət mərhələsinə çıxarır. Üç onillik
əvvəl neft platformalarında başlanan tərəfdaşlıq bu gün innovasiya
və texnologiya platformalarında davam edir. Bu isə göstərir ki, iki
ölkə arasında iqtisadi əməkdaşlıq mövcud imkanlarla yanaşı,
gələcəyin iqtisadi arxitekturasına yönəlmiş strateji baxışa
əsaslanır.