
Bakı.Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik
yubileyi münasibətilə universitet əməkdaşlarına Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə verilmiş
yüksək dövlət mükafatlarının təqdimat mərasimi keçirilib.
Tədbirdə mükafatları elm və təhsil naziri Emin Əmrullayev təqdim
edib.
Çıxışı zamanı nazir AzMİU-nun 50 illik yubileyinin ölkənin ali
təhsil tarixində mühüm hadisə olduğunu vurğulayıb, universitetin
keçdiyi inkişaf yolunu xatırladıb. O, AzMİU məzunlarının həm ölkə
daxilində, həm də beynəlxalq səviyyədə qazandıqları uğurlardan bəhs
edərək, universitetin elmi-pedaqoji potensialının Azərbaycanın
insan kapitalının formalaşmasında mühüm rol oynadığını
bildirib.
Nazir yüksək dövlət mükafatına layiq görülən əməkdaşları təbrik
edib, bu yüksək qiymətləndirməyə görə təhsil ictimaiyyəti adından
Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Qeyd olunub ki,
AzMİU təhsil və tədqiqat sahəsində fərqlənən ali təhsil müəssisəsi
kimi ölkədə mühəndislik, memarlıq və şəhərsalma istiqamətlərinin
inkişafına mühüm töhfələr verir.
Çıxışdan sonra elm və təhsil naziri tərəfindən yüksək dövlət
mükafatları sahiblərinə təqdim olunub.
Tədbirdə çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə
Məmmədova Universitet kollektivinə göstərilən ali diqqət və etimada
görə dövlət başçısına minnətdarlığını bildirib, Prezident İlham
Əliyevə ölkəmiz və xalqımız naminə yeni-yeni qələbələr
arzulayıb.
Rektor vurğulayıb ki, hazırda universitetin əsas hədəflərindən
biri tədqiqat universiteti modelinin daha da
gücləndirilməsidir.
Bildirilib ki, bakalavr təhsilində sabitlik təmin olunub,
növbəti mərhələdə magistratura səviyyəsinin keyfiyyətinin daha da
yüksəldilməsi, elmi tədqiqatların genişləndirilməsi əsas
prioritetlərdəndir. Rəqəmsal çağırışlar, süni intellekt və
innovativ texnologiyaların tədris və tədqiqat prosesinə
inteqrasiyası AzMİU-nun strateji inkişaf xəttinin mühüm
istiqamətləri kimi qeyd edilib.
Tədbirin sonunda elm və təhsil naziri, nazir müavinləri və
yüksək dövlət mükafatına layiq görülən AzMİU əməkdaşlarının
iştirakı ilə xatirə fotosu çəkdirilib.


