
Bakı. Trend:
Fransada keçirilən beynəlxalq səviyyəli MMA döyüşləri üzrə
turnirdə soydaşlarımız – Üçqat dünya, ikiqat Avropa çempionu,
Əməkdar idman ustası Aqşin Babayev və MMA üzrə Avropa və Azərbaycan
çempionu Sənan Səfərli qalibiyyət uğrunda mübarizə aparıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata
görə, idmançılarımız güclü, dəqiq zərbələri, fiziki hazırlığı,
soyuqqanlı və hesablanmış döyüş tərzi ilə peşəkarlıq nümayiş
etdiriblər.
Bildirilib ki, ağır mübarizə şəraitində keçən görüşdə Sənan
Səfərli rəqibi fransız idmançı Adam Magomadovu məğlub edərək
qarşılaşmanı qalibiyyətlə başa vurub.
Fransada yaşayan soydaşlarımız yarış zamanı idmançılarımıza
güclü mənəvi dəstək göstəriblər. Arenada dalğalanan üçrəngli
Azərbaycan bayrağı, eləcə də tribunadan səslənən coşqulu dəstək
çağırışları idmançılarımıza əlavə ruh yüksəkliyi və motivasiya
verib.
Xaricdə keçirilən beynəlxalq idman yarışlarında soydaşlarımızın
uğurlu çıxışı və Azərbaycan diasporunun həmrəyliyi ölkəmizin idman
nüfuzunun daha da yüksəlməsinə, milli birliyimizin möhkəmlənməsinə
mühüm töhfə verir.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsi Fransada yaşayan soydaşlarımızın turnirdə tamaşaçı
qismində iştirakına dəstək göstərib. Bu, xaricdə yaşayan
soydaşlarımıza göstərilən xüsusi diqqət və qayğının bariz
göstəricisidir.


