
Bakı. Trend:
Sabah Novruz bayramının ilk çərşənbəsi – Su
çərşənbəsidir.
Bu çərşənbəni bəzən “Yalançı çərşənbə”, “Əzəl çərşənbə”, “Sular
Novruzu” da adlandırırlar.
Çərşənbə adətləri nələrdir, adlandırılması nə ilə bağlıdır,
çərşənbələr haqqında nələri bilməliyik?
Folklorşünas Aynur Qəzənfərqızı mövzu ilə bağlı Trend-ə açıqlamasında
bildirib ki, kiçik çillə fevralın 20-də başa çatıb, ayın 21-dən isə
Boz ay başlayıb:
“Boz aydakı ilk çərşənbə axşamı Su çərşənbəsi kimi qeyd olunur.
Yaxın keçmişdə bəzi bölgələrdə bu günə “Yalançı çərşənbə” də
deyilib.
Çərşənbələr və dörd ünsür məsələsi
Çərşənbələrin adlandırılması dörd ünsürlə – hava, od, su və
torpaqla əlaqələndirilir. Buna görə də bəzən bu ənənə səhvən
zərdüşlüklə bağlanır. Səbəb kimi zərdüştilikdə oda xüsusi
münasibətin olması göstərilir. Lakin bu yanaşma doğru deyil.
Zərdüştilikdə od müqəddəs sayılır və sitayiş obyektidir. Novruzda
isə tonqal qalamaq və onun üzərindən tullanmaq “ağırlığım tonqalda
yansın” deyimi ilə müşayiət olunur. Heç bir dində insan sitayiş
etdiyi Tanrının üzərindən hoppanmaz. Deməli, Novruz tonqalı
ilahiləşdirilmiş od deyil, təmizlənmə və yenilənmə rəmzidir”.
Çərşənbələrin adları: ənənəvi yanaşma
Folklorşünas bildirib ki, yaxın keçmişə qədər çərşənbələr
ünsürlərlə deyil, başqa adlarla tanınıb:
“Xalq arasında çərşənbələr “Yalançı”, “Xəbərçi”, “Ölü
çərşənbəsi” və “İlaxır” kimi adlar işlədilirdi. Novruz bayramı isə
“İlbaşı” kimi xatırlanırdı. Çərşənbələrin dörd ünsürlə
adlandırılması sonrakı dövrlərdə formalaşıb və bunu farslarla
müəyyən mədəni yaxınlaşmalarla izah etmək olar. Lakin Novruzu qeyd
etmək atəşpərəstliyin davamı demək deyil. Orta Asiya xalqları və
bütövlükdə türk dünyası bu bayramı qeyd edirsə, bu, onun qədim türk
mədəniyyətinə bağlılığını göstərir”.
Su çərşənbəsi və qədim inanc sistemi
“İlk çərşənbə Su çərşənbəsidir. Qədim türklərin təktanrılıq
inancı olan Tenqriçilikdə “Yer-Su” anlayışı mövcuddur. Qədim
təsəvvürlərə görə, yer və su ruhları – yəni əyələr – təbiətin
qoruyucu sahibləridir. “Əyə” burada sahib, qoruyucu mənasını verir.
Folklorumuzda suya böyük hörmət göstərilib. Məsələn, su içən adama
toxunmazlar, əlində su ilə qarşılaşmaq aydınlıq və xeyir sayılar,
su içən insanı danışdırmazlar. “Çay nənəsi”, “Vurğun əyəsi” kimi
obrazlar suyun ruhunu və müqəddəsliyini ifadə edir. Bu inanclar
qədim türklük düşüncəsinə dayanır və xalq yaddaşında qorunub
saxlanılıb. Bəzi tədqiqatçılar dörd ünsür anlayışını zərdüştiliklə
əlaqələndirsələr də, su ilə bağlı inancların kökü daha qədim –
Tenqriçilik dünyagörüşünə gedib çıxır”.
Su çərşənbəsinin adətləri
Aynur Qəzənfərqızı qeyd edib ki, su çərşənbəsində dan yeri
sökülən vaxt evləri təmizləmək, həyət-bacaya su səpmək adətdir:
“Bu, təmizlənmə və yenilənmə rəmzi sayılır. Uşaqlıq
xatirələrimdə çayın buzunu sındırıb su gətirmək və həyətə çiləmək
xüsusi yer tutur. Su hər şeyi saflaşdıran ünsür kimi qəbul edilir.
Bu gün həmin adəti simvolik şəkildə davam etdirmək üçün buzluqda su
dondurub, buzunu qıraraq evə çiləmək olar. Müasir araşdırmalarda da
suyun strukturunun ona yönələn təsirə görə dəyişə bildiyi qeyd
olunur. Xalqımız isə bunu elmi terminlərlə deyil, inanclar və
adətlər vasitəsilə əsrlər boyu yaşadıb. Ona görə də ilk çərşənbədə
evə su çiləmək sadəcə bir adət deyil, həm də təmiz niyyət, saf
düşüncə və yeni başlanğıca inamın rəmzidir”.


