
Bakı. Trend:
Niderland Krallığında Xocalı soyqırımı qurbanlarının xatirəsinə
həsr olunan “Xocalıya ədalət!” aksiyası keçirilib. Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan
“Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən aksiya
Amsterdam şəhərinin mərkəzində yerləşən Dam meydanında baş
tutub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi, Benilüks ölkələri üzrə
Azərbaycanlıların Koordinasiya Şurasının Niderland koordinatorluğu
və Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin birgə
təşkilatçılığı ilə reallaşıb.
Tədbirin əsas məqsədi 26 fevral 1992-ci ildə ermənilərin
Xocalıda mülki əhaliyə qarşı törətdiyi dəhşətli soyqırımı dünya
ictimaiyyətinin diqqətinə çatdırmaq, bəşəriyyətə müharibələrin
günahsız insanlara yaşatdığı faciələri xatırlatmaq olub.
Məlumata görə, aksiyada Niderlandda yaşayan gənc soydaşımız
Cavidan Məmmədov Xocalı soyqırımı haqqında müfəssəl məlumat verib.
Soydaşlarımızı Azərbaycan həqiqətlərinin dünyada təbliği
istiqamətində fəaliyyətlərini davam etdirməyə çağırıb.
İştirakçılar “Xocalıya ədalət!”, “Soyqırımına yox!”, “İnsanlıq
soyqırımına qarşıdır”, “Sülh naminə” kimi şüarlar
səsləndiriblər.
Tədbirdə yerli ictimaiyyət nümayəndələrinə, eləcə də şəhərin
qonaqlarına məlumatlandırıcı materiallar paylanıb. Həmçinin
“Xocalıya ədalət!” və müharibələr zamanı günahsız insanların həlak
olmamasına dair çağırışları əks etdirən plakatlar sərgilənib. Eyni
zamanda Emin Sadıqlı skripkada, Cavid Səlimov tarda Xocalı
soyqırımına həsr olunan həzin musiqi parçaları səsləndiriblər.
Məlumat üçün bildirək ki, xaricdəki Azərbaycan icmaları Xocalı
soyqırımının dünyada tanıdılması, Azərbaycan həqiqətlərinin təbliği
istiqamətində mütəmadi olaraq genişmiqyaslı tədbirlər təşkil
edir.


