Ötən ay Azərbaycanda tikinti sektoruna 200 milyon manat sərmayə yatırılıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda tikinti sektoru üzrə əsas
kapitala yönəldilmiş investisiyaların dəyəri 200,3 milyon manat
təşkil edib.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 16% azdır.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların
yekunda xüsusi çəkisi 14,3%-ə bərabər olub.




Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın
96,3 milyon manatı mənzil tikintisinə yönəldilib ki, bu da 2025-ci
ilin eyni ayındakı göstəriciyə nisbətən 45,2% azalma deməkdir.

Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş
investisiyaların yekunda xüsusi çəkisi 6,9%-ə bərabər olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında ölkənin iqtisadi və
sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas
kapitala 1,406 milyard manat və ya 2025-ci ilin yanvar ayı ilə
müqayisədə 75,6 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna
yönəldilmiş investisiyaların həcmi 78,3 faiz, qeyri neftqaz
sektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9 faiz çox
olub.

Ümumi sərmayənin 758,6 milyon manatı və ya 54,0 faizi məhsul
istehsalı sahələrinin, 551,0 milyon manatı (39,2 faizi) xidmət
sahələrinin, 96,3 milyon manatı (6,8 faizi) isə yaşayış evlərinin
tikintisinin payına düşüb. Ümumi sərmayənin 17,2 faizi dövlət, 82,8
faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.
Sərmayə qoyuluşunun 41,1 faizi tikinti-quraşdırma işlərinə sərf
edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın
dəyəri ümumi sərmayənin 71,4 faizini təşkil edib.