Bakı. Trend:
Meksikada qadınlar arasında keçirilən yerli futbol çempionatı
çərçivəsində “Nekaksa” ilə “Keratero” komandaları arasındakı matç
azarkeşlərin və idmançıların həyatına təhlükə yaranması səbəbindən
dayandırılıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, fevralın 22-də hərbçilər “Xalisko Yeni Nəsili ”
kartelinin lideri El-Mençonu zərərsizləşdiriblər. Buna cavab olaraq
kartel üzvləri avtomobil yollarını bağlayıb, iğtişaşlar törədib,
avtomobilləri və yanacaq doldurma məntəqələrini yandırıb və mülki
şəxslərə hücum ediblər. Stadionun ətrafında partlayış səsləri
eşidilib.
2026-cı il futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək
şəhərlərdən biri olan Qvadalaxarada yanacaqdoldurma məntəqələri
bağlanıb, nəqliyyatın fəaliyyəti dayandırılıb, kütləvi tədbirlər
ləğv olunub. ABŞ və Kanada aviaşirkətləri münaqişə zonalarına
uçuşları ləğv ediblər. Xalisko ştatının qubernatoru sakinləri evdən
çıxmamağa çağırıb, ABŞ Dövlət Departamenti isə amerikalılara
“olduqları yerdə sığınmağı” tövsiyə edib.

