
Bakı. Trend:
21 və 22 fevral tarixlərində Milli Gimnastika Arenasında batut
gimnastikası və tamblinq üzrə Dünya kuboku uğurla keçirilib. İki
gün davam edən mötəbər yarışda 6 ölkədən ümumilikdə 66 gimnast
iştirak edib.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, batut
gimnastikası üzrə idmançılar fərdi (qadınlar və kişilər), sinxron
(qadınlar və kişilər) və qarışıq sinxron proqramlarda qüvvələrini
sınayıblar. Yarışın ilk günündə təsnifat mərhələsi, ikinci günündə
isə final çıxışları baş tutub. Final günündə arenada coşqu daha da
artıb, xüsusilə Azərbaycan gimnastlarının çıxışları tamaşaçılar
tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn
Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə
Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, tamblinq üzrə isə
Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil
ediblər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası
üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov, qarışıq
sinxron proqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü,
sinxron qadınlar proqramında Selcan Mahsudova – Şəfiqə Hümbətova,
sinxron kişilər proqramında isə Maqsud Mahsudov – Hüseyn Abbasov
cütlüyü final mərhələsinə vəsiqə qazanıb.
Tamblinq üzrə Tofiq Əliyev və Mixail Malkin də uğurlu çıxışları
ilə finala yüksəliblər.
Final mərhələsinin nəticələrinə əsasən, ölkəmiz Dünya kubokunu
ümumilikdə 6 medalla başa vurub. Batut gimnastikası üzrə fərdi
proqramda Selcan Mahsudova gümüş medal qazanıb. Qarışıq sinxron
proqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü qızıl medalın
sahibi olub. Qadınların sinxron proqramında Selcan Mahsudova –
Şəfiqə Hümbətova cütlüyü bürünc medal əldə edib. Kişilərin sinxron
proqramında isə Hüseyn Abbasov – Maqsud Mahsudov cütlüyü bürünc
medala layiq görülüb.
Tamblinq yarışlarında kürsünün ilk iki pilləsində Azərbaycan
gimnastları yer alıb. Mixail Malkin qızıl, Tofiq Əliyev isə gümüş
medal qazanaraq tamaşaçıları sevindiriblər. Onların çıxışları
zamanı arenada alqış sədaları səngiməyib.
Həmçinin təsnifat mərhələsində ən yüksək icra xalı toplayan
idmançılara AGF Trophy kuboku təqdim edilib. Tamblinq üzrə
gimnastımız Mixail Malkin kişilər arasında AGF Trophy kubokunun
qalibi olub.
Qeyd edək ki, yarış günləri ərzində arenaya toplaşan gimnastika
həvəskarları idmançılarla görüşmək və xatirə şəkilləri çəkdirmək
imkanı da əldə ediblər.


