
Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerova Rusiya ilə münaqişənin nizamlanması prosesi çərçivəsində Türkiyə və Yaxın Şərqdəki tərəfdaşlarla işi gücləndirməyi tapşırıb.
“Report”un məlumatına görə, Ukrayna lideri bu barədə teleqram kanalında yazıb.
Zelenski həmçinin gələn həftə Avropa tərəfdaşları ilə görüşlər keçirəcəyini açıqlayıb.
“Avropa bütün proseslərdə iştirak etsin və (onun mövqeyi – red.) daha da güclənsin deyə biz (səylərimizi – red.) sıx əlaqələndirəcəyik. Mən həmçinin Rüstemə (Umerov – red.) Yaxın Şərqdəki və Türkiyədəki dostlarımızla daha çox işləməyi tapşırdım ki, onlar da özlərini (prosesə-red.) cəlb olunmuş hiss etsinlər və daha çox kömək göstərə bilsinlər”, – paylaşımda bildirilir.
O, həmçinin sülh danışıqlarında zəif nəticənin olmasına görə məsuliyyəti Rusiya tərəfinin üzərinə atıb: “Sonuncu dəfə Cenevrədə Amerika tərəfi açıq şəkildə gördü ki, həqiqətən əhəmiyyətli nəticələrin olmamasının səbəbi rusiyalılardır, növbəti görüş uğursuz olmamalıdır və bu, mümkündür.”
Zelenski həmçinin qeyd edib ki, Ukrayna nümayəndə heyəti danışıqların növbəti mərhələsinin uğurunun təmin olunması üçün səylə çalışmağa davam edir: “Biz hər gün xüsusi olaraq danışıqların növbəti mərhələsinin Ukrayna üçün nəticələr, sülh üçün nəticələr gətirməsini təmin etmək üçün çalışmağa davam edirik. Ukrayna mütləq bunun üçün lazım olan hər şeyi edəcək və sülhə maneə olmayacaq”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


