
Bakı. Trend:
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində
fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan
dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.
Trend xəbər
verir ki, təlimin yeddinci günündə ustad dərslərini Xalq artisti
Roza Tağıyeva, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynli,
filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva
keçiblər.
Bu dəfə təlim “Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və
ifadə-üslub xətaları” mövzusuna həsr olunub.
Təlim çərçivəsində Xalq artisti Roza Tağıyeva “Nitqin gözəlliyi”
mövzusunda danışıb. O, efirdə düzgün danışığın vacibliyini
vurğulayıb və iştirakçılara son dönəmlərdə “söylədim ki, söyləyim”
ifadələrindən çox istifadə edildiyini və bunun yerinə “dedim”
sözündən daha çox istifadə etmək lazım olduğunu bildirib.
Roza Tağıyeva, həmçinin xarici adların və rus sözlərinin düzgün
tələffüz edilməsinin, “dan-dən” şəkilçilərindəki səslərə diqqət
göstərilməsinin vacib olduğunu qeyd edib. O bildirib ki, efirdə
loru danışıq yolverilməzdir, amma təbiilik və məntiqi vurğu
qorunmalıdır.
Xalq artisti təcrübəsindən danışaraq onu da qeyd edib ki,
əvvəllər yalnız hazır mətnlər gəlirdi və aparıcılar başqa heç nə
deyə bilmirdilər. Bayramlarda və şənliklərdə isə əlavə söz deməyə
icazə verilirdi.
O, təlimdə əvvəllər televiziyaya marağın böyük olduğunu, indi
isə insanların əksəriyyətinin sosial şəbəkələrdə vaxt keçirdiyini
də diqqətə çatdırıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva çıxışında
media orqanlarında orfoqrafiya qaydalarına riayət olunmasının
vacibliyini, redaktə və korrektə prosesinin zəifləməsinin ciddi
problemlər yaratdığını qeyd edib.
Şəhla Quliyeva mediaya xas əsas orfoqrafik səhvlərdən də bəhs
edib. O, çıxışında alınma sözlərin və mürəkkəb sözlərin yanlış
yazılışı, böyük və kiçik hərflərin düzgün işlədilməməsi, durğu
işarələrinin səhv tətbiqi, xüsusilə mürəkkəb cümlələrdə nöqtə və
vergülün buraxılmasını da vurğulayıb.
Təlimdə çıxış edən ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynli
qrammatik qaydaların pozulması, dilə xarici təsirlər və yad
sözlərin artması kimi problemlərdən danışıb. O qeyd edib ki, sosial
şəbəkələrdən sonra dilə ən çox təsir göstərən sahələrdən biri
seriallardır. Xüsusilə Türkiyə türkcəsinin təsiri məsələsi
birmənalı qarşılanmır və bu mövzuda aparılan müzakirələr bəzən
yanlış anlaşılır.
Bildirilib ki, bəzi sözlər tarixi zərurət nəticəsində dilə daxil
olub və artıq işlək formaya çevrilib. Məsələn, “ruçka” sözü
gündəlik danışıqda geniş istifadə olunsa da, yazıda “qələm”
variantına üstünlük verilir.
Təlim zamanı təhsil sistemində test imtahanlarının üstünlük
təşkil etməsinin düşüncə və ifadə bacarıqlarına təsiri məsələsinə
də toxunulub. Qeyd olunub ki, biliklərin praktik tətbiqi
zəiflədikdə nitq mədəniyyəti də zərər görür.
Seyfəddin Hüseynli orfoepiya lüğətinin olmaması və orfoqrafiya
lüğətindəki problemlərdən də danışdı. Bundan əlavə, mediada üslub
qarışıqlığının, ifadə və terminoloji qeyri-dəqiqliklərin də dil
problemləri sırasında olmasını vurğulayıb.
Xatırladaq ki, təlimlərin keçirilməsinin əsas məqsədi media
mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma
çərçivəsində istifadəsinin təşviq edilməsidir.


