Ramazan ayında nə yemək olmaz? – AQTA

Baş səhifə

Bakı. Trend:

Ramazan ayında oruc tutan insanların düzgün və balanslı
qidalanması xüsusi əhəmiyyət daşıyır. Uzun müddət ac və susuz
qaldıqdan sonra orqanizmi birdən-birə ağır yeməklərlə yükləmək
müxtəlif həzm problemlərinə, halsızlığa və digər narahatlıqlara
səbəb ola bilər.

Trend xəbər verir
ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat
yayıb.

Bildirilir ki, iftara ilıq su ilə başlamaq ən doğru addımlardan
biri hesab olunur.

“1-2 stəkan su içmək orqanizmin susuzluğunu aradan qaldırır və
mədəni yeməyə hazırlayır. Ardınca xurma, zeytun, tərəvəz salatı və
göy-göyərti kimi yüngül qidalar qəbul etmək tövsiyə edilir.
Təxminən 15-20 dəqiqə fasilədən sonra əsas yeməklərə keçmək daha
məqsədəuyğundur.




Əsas yeməklər mümkün qədər yüngül və balanslı olmalıdır. Yeməyə
yüngül şorba ilə başlamaq həzm sisteminə müsbət təsir göstərir.
Sobada bişmiş ət, toyuq və ya balıq, yanında tərəvəzlər, az
miqdarda bulqur və ya düyü ideal seçim sayılır. Bu cür qidalanma
orqanizmi lazımi zülal, vitamin və minerallarla təmin edir, eyni
zamanda ağırlıq hissi yaratmır.

Bununla yanaşı, bəzi qidalardan uzaq durmaq vacibdir. Xəmir
xörəkləri, qızartmalar, çox yağlı və souslu yeməklər iftar
süfrəsində məhdudlaşdırılmalıdır. Acılı, çox ədviyyatlı və turş
qidalar isə həm susuzluğu artırır, həm də mədə-bağırsaq
problemlərinə səbəb ola bilər.

Yeməkdən dərhal sonra şirniyyat yemək artıq çəkiyə və həzm
pozuntularına səbəb olur. Buna görə şirniyyatların yeməkdən 1-2
saat sonra qəbul edilməsi daha düzgündür. Şərbətli və ağır
desertlər əvəzinə südlü şirniyyatlar, meyvələr və ya quru meyvələrə
üstünlük verilməsi daha sağlam seçimdir”, məlumatda qeyd
olunub.