İsrailin təhlükəsizlik xidmətləri ən yüksək müdafiə hazırlığı səviyyəsinə gətirildi – KİV

Baş səhifə

Bakı. Trend:

İsrailin təhlükəsizlik xidmətləri ABŞ-nin İrana mümkün zərbəsi
ilə əlaqədar ən yüksək müdafiə hazırlığı rejiminə keçirilib.

Trend bu barədə
İsrail KİV-ə istinadən xəbər verir.

İsrail rəsmiləri hesab edirlər ki, əgər Tehran fevralın 17-də
Cenevrədə ölkələr arasında keçirilən danışıqlarda Vaşinqtonun irəli
sürdüyü tələbləri vaxtında yerinə yetirməzsə, ABŞ İrana qarşı
genişmiqyaslı zərbə endirə bilər.




İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin İrana hücumu baş
verəcəyi təqdirdə Tehranın İsrail dövlətinə qarşı hücumlarını
qaçılmaz hesab edir.

Qeyd edək ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə
ABŞ və İran arasında nüvə danışıqlarının ikinci raundu keçirilib.
İran xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, tərəflər
bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmaya nail olublar və bu
razılaşmalar gələcək nüvə proqramı üzrə saziş layihəsinə daxil
edilə bilər.

ABŞ-nin Vitse-prezidenti Cey Di Vens bildirib ki, danışıqlar bir
sıra aspektlər üzrə yaxşı keçib, lakin Tehran hələlik Ağ Evdə
müəyyən edilmiş bəzi prinsipial mövqeləri qəbul etməyə hazır deyil.
Danışıqların növbəti raundunun vaxtı və yeri açıqlanmır.