Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olundu (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fevralın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində
keçirilən növbəti Kollegiya iclasında Dövlət Borcunun və Maliyyə
Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2025-ci ildə
görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr,
Nazirlikdə hazırlanmış hüquqi akt layihələrinə baxılması,
razılaşdırılması və təqdim edilməsi üzrə icra vəziyyəti, eləcə də
cari məsələlər müzakirə olunub.

Trend xəbər verir ki,
nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların
rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri,
Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu və
məqsədyönlü siyasət ölkəmizin hərtərəfli inkişafına,
sosial-iqtisadi sahədə dayanıqlı artımın və makroiqtisadi
sabitliyin təmin olunmasına mühüm töhfə verir. Bu amillər dövlət
büdcəsinin icrasına da müsbət təsir göstərərək, həm gəlir və
xərclər üzrə proqnozların tam yerinə yetirilməsinə, həm də fiskal
intizamın qorunmasına və maliyyə mövqelərimizin daha da
möhkəmlənməsinə şərait yaradır.

S.Babayev bildirib ki, 2022-2025-ci illər üzrə yenilənmiş Borc
Strategiyası ilə müəyyən edilən strateji məqsədlərə tam nail
olunub, ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 30 faizdən aşağı
saxlanılması, xarici dövlət borcunun 10 milyard ABŞ dollarını
üstələməməsi kimi müəyyən edilən prioritet tədbirlər gözlənilib.
Bununla yanaşı, 2025-ci ilin sonunadək faiz dərəcəsi riskinin
məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb
olunan borcun ümumi portfeldə payının 50 faizi keçməməsi, daxili
borcalmanın genişləndirilməsi, bunun müqabilində xarici dövlət
borcunun tədricən azaldılması, dövlət qiymətli kağızlarının orta
ödəniş müddətinin mərhələli şəkildə uzadılması təmin edilib.

İclasda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi
Agentliyi tərəfindən 2025-ci ildə görülmüş işlər və qarşıda duran
vəzifələr üzrə məruzə dinlənilib. Qeyd olunub ki, 1 yanvar 2026-cı
il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun ümumi
məbləği 25.987,5 milyon manat təşkil edərək ÜDM-in 20,1 faizinə
bərabər olub və ilin əvvəli ilə müqayisədə 5,1 faiz və ya 1.392,7
milyon manat azalıb. Dövlət borcunun 31,5 faizi xarici, 68,5 faizi
isə daxili borcun payına düşür. Dövlət zəmanətli borcların həcmi də
azalaraq 10.368,4 milyon manat və ya ÜDM-in 8,0 faizi səviyyəsində
qərarlaşıb.

Hesabat ilində xəzinə vəsaitlərindən səmərəli istifadə
nəticəsində dövlət borcuna xidmət xərclərinə 300,1 milyon manat
qənaət edilib, eyni zamanda həyata keçirilən təkrar maliyyələşdirmə
əməliyyatları çərçivəsində qısamüddətli istiqrazlar uzunmüddətli
istiqrazlarla əvəz olunaraq borc portfelinin strukturunda müsbət
dəyişiklik təmin edilib. Dövlət istiqrazları üzrə orta ödəmə
müddəti əhəmiyyətli səviyyədə artaraq 3,3 il təşkil edib.

Məlumat verilib ki, funksional fəaliyyətinə uyğun olaraq
Agentlik tərəfindən dövlət borcalması həyata keçirilir, borc üzrə
uçot və hesabatlılıq təmin edilir, təhlillər aparılır. Ötən il
ərzində beynəlxalq maliyyə institutları ilə təqribən 235 milyon ABŞ
dolları ekvivalentində yeni kredit sazişləri təsdiqlənib. Eyni
zamanda, ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi üçün
beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq digər aidiyyəti
dövlət orqanları ilə koordinasiyalı şəkildə həyata keçirilməsi
təmin edilib.




Kollegiyanın sədri dövlət borcunun idarə olunması sahəsində
beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, 2026-2030-cu
illəri əhatə edəcək “Dövlət borcunun idarə edilməsinə dair
Strategiya” sənədinin hazırlanması və Agentliyin fəaliyyət
istiqamətlərinə uyğun olaraq bir sıra hüquqi institusional
çərçivələrin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar
verib.

Kollegiya iclasında Maliyyə Nazirliyinə daxil olmuş və
Nazirlikdə hazırlanmış hüquqi akt layihələrinə baxılması,
razılaşdırılması və təqdim edilməsi üzrə icra vəziyyəti barədə
məruzə dinlənilib. Bildirilib ki, Maliyyə Nazirliyi normayaratma
fəaliyyətinin subyekti kimi hüquqi akt layihələrinin hazırlanması,
ekspertizası, qəbul olunması, dəyişikliklər edilməsi və bu aktların
ləğv edilməsi prosesində iştirak edir. 2025-ci il ərzində Nazirliyə
dövlət orqanlarından daxil olmuş 1248 hüquqi akt layihəsinə müvafiq
qaydada baxılıb, eyni zamanda, Nazirliyin təşəbbüsü və yuxarı
dövlət orqanlarının tapşırıqları əsasında 150 hüquqi akt layihəsi
hazırlanıb. Onlardan 43-ü qanun, 50-si Fərman, 4-ü Prezident
Sərəncamı, 9-u Nazirlər Kabinetinin qərarı, 40-ı Nazirlər
Kabinetinin sərəncamı, 4-ü Maliyyə Nazirliyinin Kollegiya qərarı
olub ki, ötən il ərzində onlardan 45 sənəd təsdiq edilib.

Xüsusilə, Azərbaycan Respublikası Prezidentinin 25 avqust
2025-ci il tarixli Fərmanı ilə dövlət maliyyəsinin idarə olunması
sahəsində mühüm islahatlara start verilib ki, bu sənəd dövlət
maliyyəsinin idarə edilməsi sahəsində islahatların əsası kimi qəbul
oluna bilər. Qeyd olunub ki, bu islahatlar çərçivəsində gömrük,
dövlət rüsumu, dövlətə məxsus olan hüquqi şəxslər və publik hüquqi
şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının səmərəli
idarə edilməsi Maliyyə Nazirliyinin fəaliyyət sahələrinə aid
edilib, rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməklə
Nazirliyin fəaliyyət sahələri üzrə səmərəli icra və nəzarət
mexanizminin formalaşdırılması üçün “Rəqəmsal dövlət maliyyəsi”
informasiya sistemi yaradılıb. Eyni zamanda, publik hüquqi şəxslər
xəzinə müşayiətinə cəlb edilib, dövlət müəssisələrinin bütün bank
hesablarına xəzinə müşahidə mexanizminin yaradılması, dövlət
vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron
müqavilələr əsasında həyata keçirilməsinin təşkili, həmçinin dövlət
müəssisələrinin vəsaitlərinin təyinatı üzrə, məqsədli və səmərəli
xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsi
Maliyyə Nazirliyinə həvalə edilib.

Bundan başqa, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin
Monitorinqi Agentliyi yaradılaraq, onun əsasnaməsi təsdiq edilib.
Həmçinin, Nazirliyin və strukturuna daxil olan digər qurumların
əsasnamələrinə yeni səlahiyyətlərin əks etdirilməsi üçün müvafiq
dəyişikliklər edilib.

Nazir Sahil Babayev hüquqi akt layihələrinin icra prosesinin
daha da təkmilləşdirilməsi və elektron nəzarət mexanizmlərinin
tətbiqinin vacibliyini qeyd edib. Bu çərçivədə layihələrin elektron
sənəd dövriyyəsi sistemi ilə yanaşı “Normativ hüquqi aktlar”
informasiya sistemi vasitəsilə icrası, gecikmə hallarının
araşdırılması və icra yükünün balanslaşdırılması məqsədəuyğun hesab
olunub. Eyni zamanda, kollegiyanın sədri razılaşdırma
prosedurlarının sadələşdirilməsi, maliyyə-iqtisadi
əsaslandırmaların təqdim olunması tələbinin qanunvericilikdə əks
etdirilməsi ilə bağlı təkliflərin hazırlanması ilə bağlı müvafiq
tapşırıqlar verib.

Kollegiya iclasında həmçinin, Maliyyə Nazirliyində tapşırıqların
icra vəziyyəti və hesabatlarla bağlı məsələlər haqqında təqdimat
nümayiş etdirilib və müzakirə olunan məsələlərə dair müvafiq
qərarlar qəbul edilb.