
Bakı. Trend:
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin
ikinci partiyaları keçirilib.
Azərbaycan Şahmat Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın reytinq
favoriti Şəhriyar Məmmədyarov cavab görüşündə Əhməd Əhmədzadə ilə
heç-heçə oynayıb. İki partiyanın yekun nəticəsinə əsasən, 1,5:0,5
hesabı ilə qalib gələn Ş.Məmmədyarov yarımfinala vəsiqə
qazanıb.
Qadınların yarışında Ülviyyə Fətəliyeva hər iki partiyada qalib
gəldiyi Səbinə İbrahimovanı turnirdən kənarlaşdırıb. 2:0 hesablı
qələbə sayəsində Ülviyyə Fətəliyeva yarımfinalda mübarizə aparmaq
imkanı əldə edib. Azərbaycan çempionatının ötənilki qalibi Günay
Məmmədzadə hər iki partiyada Ayan Allahverdiyevaya məğlub olaraq
yarışı tərk edib.
Read Səmədov-Rauf Məmmədov, Eltac Səfərli-Məhəmməd Muradlı,
Nicat Abasov-Aydın Süleymanlı görüşlərində qalib müəyyənləşməyib.
Nərmin Abdinova-Türkan Məmmədyarova və Gülnar Məmmədova-Xanım
Balacayeva duellərində də heç-heçə qeydə alınıb. Bu cütlüklərdə
növbəti mərhələyə vəsiqənin taleyi sabah keçiriləcək tay-brekdə
məlum olacaq.
Beləliklə, hazırda 3 şahmatçı – Şəhriyar Məmmədyarov, Ülviyyə
Fətəliyeva və Ayan Allahverdiyeva adını ölkə çempionatının
yarımfinalına yazdırıb.


