
Müasir dövrdə dövlət idarəçiliyindən sənaye istehsalına, maliyyə sektorundan təhsilə qədər bütün sahələrdə rəqəmsal həllərin tətbiqi mühüm zəruri amilə çevrilib. Təcrübələr göstərir ki, rəqəmsal transformasiyalar iqtisadi səmərəliliyi artırır, idarəetmə çevikliyini gücləndirir. Süni intellekt, böyük verilənlər və data mərkəzləri ölkələrin milli təhlükəsizlik sistemində, sosial siyasətində və iqtisadi planlaşdırmasında mühüm rol oynayır. Bu xüsusda, tam əminliklə deyə bilərik ki, müasir dövrdə rəqəmsallaşma dövlətin institusional gücünün əsas göstəricilərindən birinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə son illər ərzində ölkəmizdə rəqəmsal transformasiya istiqamətində ardıcıl addımlar atılır. Elektron hökumət sistemlərinin geniş tətbiqi, rəqəmsal xidmət platformalarının yaradılması və dövlət idarəçiliyində texnoloji həllərin genişləndirilməsi və bu istiqamətdə görülmüş digər mühüm işlər xüsusi vurğulanmalıdır.
Xüsusilə Azərbaycanda gənclərin rəqəmsal texnologiyalar və süni intellekt sahəsinə cəlb olunması üzrə son illərdə sistemli tədbirlər həyata keçirilir. Ali təhsil müəssisələrində informasiya texnologiyaları, kompüter elmləri və data analitikası üzrə ixtisasların genişləndirilməsi, texnoparkların yaradılması bu sahəyə marağı artırıb. Misal olaraq qeyd etmək istərdim ki, dövlət dəstəyi ilə fəaliyyət göstərən innovasiya mərkəzləri gənclərin texnoloji təşəbbüslərinin dəstəklənməsinə, müxtəlif hakatonlar və proqramlaşdırma müsabiqələri isə praktiki bacarıqların formalaşmasına xidmət edir. Eyni zamanda xaricdə təhsil proqramları çərçivəsində informasiya texnologiyaları və süni intellekt ixtisasları üzrə kadr hazırlığına xüsusi diqqət ayrılır. Orta məktəblərdə STEAM əsaslı tədris modelinin tətbiqi isə bu sahədə ixtisaslaşacaq gənc nəslin formalaşmasına əsaslı zəmin yaradır.
Bir neçə gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi dövlətin bu sahəyə diqqətinin bariz təzahürüdür. Dövlətimizin başçısı müşavirədə müvafiq dövlət qurumlarının qarşısında bu istiqamətdə mühüm vəzifələr qoydu. Prezident İlham Əliyevin dövlət xidmətlərinin vahid mərkəzdən – “mygov” üzərindən həyata keçirilməsi ilə bağlı tapşırığı dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq. Eyni zamanda vahid platforma üzərindən təqdim edilən xidmətlər məlumat təhlükəsizliyinin daha səmərəli qorunmasına və proseslərin ardıcıl icrasına nəzarətin daha da gücləndirilməsinə şərait yaradacaq.
Beləliklə, möhtərəm Prezidentimizin rəhbərliyi ilə bu sahədə müəyyənləşdirilmiş rəqəmsal transformasiya strategiyası Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatda mövqelərini daha da möhkəmləndirməklə uzunmüddətli dayanıqlı inkişafını təmin edəcək.
Şahin İsmayılov
Milli Məclisin Gənclər və idman komitəsinin sədri


