Qar Azərbaycanda 500 min manatlıq sığorta zərərinə səbəb oldu – AÇIQLAMA (ÖZƏL)

Baş səhifə

Bakı.Trend:

10-11 fevral 2026-cı il tarixlərdə ölkə ərazisində qarlı-şaxtalı
hava şəraiti müşahidə olunub. Qeyd olunan tarixlərdə paytaxt Bakı
da daxil olmaqla respublikamızın bir çox bölgəsində müxtəlif
səpkili sığorta hadisələri qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan
Sığortaçılar Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, 10-11 fevral 2026-cı il tarixlərdə baş vermiş
sığorta hadisələri ilə bağlı 5 qeyri-həyat sığorta şirkətinə
ümumilikdə 642 sığortalı müraciəti daxil olub.




“Bu müraciətlərin 563-ü “Avtonəqliyyat vasitəsi sahiblərinin
mülki məsuliyyətinin icbari sığortası” növü, 76-sı “Kasko” sığorta
növü, 1-i “Daşınmaz əmlakın icbari sığortası” növü, 1-i isə
“Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş
vermiş sığorta hadisələri ilə bağlı olub. Qiymətləndirilmiş 350
sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 292 min 710
manat həcmində müəyyənləşdirilib. Qalan 461 hadisə üzrə isə zərər
qiymətləndirməsi prosesi davam edir”.

Assosiasiyadan qeyd edilib ki, hazırda daxil olmuş bütün
müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi
mərhələsindədir. Sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə
sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.

“Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan
sonra ümumi zərər məbləği həcminin 500 min manatı ötəcəyi ehtimal
edilir. Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta
şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 71 %-i
paytaxt Bakıda, 29 %-i isə respublikamızın digər bölgələrində
(xüsusilə Şimal bölgəsində) qeydə alınıb”, – deyə əlavə edilib.