
Bakı. Trend:
Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaranması
günüdür.
Azərbaycan HHQ-si Silahlı Qüvvələrimizin xüsusi qoşun növüdür.
Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi
formalaşdırılması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ci
il fevralın 14-də Milli Ordunun HHQ-si ayrıca bölmə kimi təsis
olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi
qeyd edilir.
1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda
başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və Hava
Hücumundan Müdafiə Qoşunları (HHMQ) təşkil edib. 1997-ci ildə
Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi
təyyarəçilərimizin buraxılışına başlayıb.
Yeri gəlmişkən, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov
olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava
əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində
gedən döyüşlərdən birində həlak olub.
Trend xəbər verir ki, bu gün
ən müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən HHQ və
HHMQ Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir.
Son illərdə ölkəmizdə müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli
hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib və onun
aviaparkı müasirləşdirilib.
Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə
Əməliyyat Planı çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi
aerodrom modernləşdirilib. Eyni zamanda, hərbi aerodromlarda
uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi
avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib
və təmir edilib.
Azərbaycan müstəqillik qazandığı dövrdən etibarən HHQ-nin
inkişafında növbəti mərhələ başlayıb. HHQ-nin pilotlarının
beynəlxalq təlimlərdə iştirakı, uçuş və döyüş hazırlığının
artırılması daim diqqət mərkəzində saxlanılır. Azərbaycan HHQ-nin
pilotları Müstəqil Dövlətlər Birliyi məkanında ən çox uçuş
keçiriblər.
Bu gün Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinin
flaqmanı olan Heydər Əliyev adına Hərbi İnstitutda müxtəlif
ixtisaslar üzrə peşəkar zabitlər hazırlanır. Onlar hərbi xidmətin
çətinliklərinin öhdəsindən layiqincə gələrək respublikamızın
müstəqilliyinin və ərazi bütövlüyünün qorunması uğrunda hər bir
əmrə hazırdırlar. HHQ, HHMQ, Hərbi Dəniz Qüvvələri fakültələrində
aviasiyanın döyüş idarəetməsi, eləcə də dənizçi ixtisasları üzrə
peşəkar zabitlər, təyyarəçilər, şturmanlar, mexaniklər,
silahlanmanın müxtəlif sistemləri üzrə mütəxəssislər, aviasiya
xidmətləri, radiotexniki vasitələr üzrə mühəndislər hazırlanır.
Zəfərin başlanğıcı olan Aprel döyüşlərində HHQ qarşı tərəfə
uğurlu zərbələr endirib. Döyüşdə “Mi-24” helikopterinin üç pilotu –
Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə
qəhrəmancasına şəhid olublar.
Hava şahinlərimizin, pilotlarımızın İkinci Qarabağ müharibəsində
Qələbənin qazanılmasında böyük rolu olub. HHQ-nin hərbi
qulluqçuları qəhrəmanlıq və şücaət nümunələri göstəriblər. Vətən
müharibəsində HHQ tərəfindən Ermənistan silahlı qüvvələrinin hava
hücumundan müdafiə sistemini məhv etmək məqsədilə “Qarabağ mücrüsü”
adlı xüsusi əməliyyat planı hazırlanıb. Bu, hərbçilərimizin qarşı
tərəfin fikrini yayındırmaq üçün variantları idi. Düşməni bütün növ
zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud
aviasiya vasitələrini havaya qaldırıb, kütləvi aviasiya zərbəsi
imitasiya edildi. Həmin imitasiya vasitələri düşmənin zenit-raket
komplekslərinin məhvetmə zonasına daxil olmadan müxtəlif manevrlər
edib. İkinci tədbir kimi, düşmənin bu üsulu başa düşməməsi üçün
Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus, göyərtəsində pilot olmayan,
“kukuruznik” kimi tanınan AN-2 təyyarələri düşmənin zenit-raket
komplekslərinin məhvetmə zonasına yönləndirilib. Plan uğurla icra
olunub və Vətən müharibəsinin ilk günlərində HHQ ilə HHMQ-nin birgə
fəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiə
sistemlərinin 70 faizi sıradan çıxarılıb. “Bayraktar”, “Harop”,
“Sky Striker” zərbə dronları düşmən hədəflərini məhv edib.
İkinci Qarabağ müharibəsində bir neçə pilotumuz Vətən Müharibəsi
Qəhrəmanı medalı ilə təltif olunub. Onlardan iki nəfəri bu mükafata
ölümlərindən sonra layiq görülüb. Həmin müharibədə DSX-nin
pilotlarından iki nəfər ilk günlərdə şəhidlik zirvəsinə ucalıb.
Ötən il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən
müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad
keçirilib. Parad zamanı hərbi texnikaların keçidi olub.
Hava Hücumundan Müdafiə silahları sistemləri kolonuna “Vətən
uğrunda” medalı ilə təltif olunmuş general-mayor Zaur Yusifli
başçılıq edib. Tribuna önündən “S-125 TM”, “BUK-MB”, “BUK-MB2K”,
“İLDIRIM-8”, “S-300 FAVORİT” və “TOR-2M” zenit-raket
komplekslərinin keçidi olub. Ardınca silahlanmaya yeni qəbul
edilmiş Yerli Müdafiə Sənayesinin məhsulu “VİKİNQ” hava hədəflərinə
qarşı çoxfunksiyalı mobil döyüş kompleksi, təkmilləşdirilmiş
“Şilka” özüyeriyən zenit qurğusu və “HQ-9” uzaqmənzilli zenit-raket
kompleksi nümayiş olunub.
Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə
pilotlarının iştirakı ilə HHQ-yə məxsus döyüş təyyarələrinin və
helikopterlərin uçuşu olub. “Akıncı” pilotsuz uçuş aparatı Bakı
səmasında, Azadlıq meydanı üzərində 900-1500 metr hündürlükdə dövrə
vuraraq çəkilişlər aparıb.
Azərbaycan, Türkiyə və Pakistan respublikalarının Dövlət
bayraqlarını daşıyan “Mİ-17” döyüş-nəqliyyat helikopterləri
üçlüyünə Vətən Müharibəsi qəhrəmanları – HHQ-nin komandanı
general-leytenant Namiq İslamzadə və polkovnik Rəşad Nadirov
başçılıq edib. “Qarabağ” ordenli general-mayor Zaur Rüstəmovun
başçılığı ilə “Mİ-17” helikopteri isə Ümummilli Lider Heydər
Əliyevin portretini nümayiş etdirib.
Paytaxt səmasında təntənəli aviasiya nümayişləri davam edib.
Əvvəlcə polkovnik-leytenant Ziya Əliyevin başçılıq etdiyi
uzaqmənzilli hava-yer tipli raketlərlə təchiz olunmuş “Mİ-17”
döyüş-nəqliyyat helikopterləri beşliyi klin düzülüşündə Azadlıq
meydanının üzərindən keçib. Növbəti mərhələdə “Mİ-17”
döyüş-nəqliyyat helikopterlərinin beşliyi klin düzülüşündə uçaraq
tamaşaçılara heyranedici anlar yaşadıb. Bu beşliyə “Vətənə xidmətə
görə” ordenli polkovnik-leytenant Sabit Hüseynov rəhbərlik
edib.
Daha sonra polkovnik-leytenant Aslan Ramazanovun başçılığı ilə
“MFİ-17” təlim təyyarələrinin beşliyi səmada dövrə vurub. Ardınca
“L-39” təlim təyyarələrinin beşliyi klin düzülüşündə nümayişini
davam etdirib. Qrupun rəhbəri “Vətənə xidmətə görə” ordenli
polkovnik Əliyar Əsgərov olub. “İL-76” hərbi-nəqliyyat və
silahlanmaya yeni qəbul edilmiş “C-27J” yük təyyarələrindən ibarət
üçlüyü polkovnik-leytenant Zəfər Fərhadov, “Rəşadət” ordenli
polkovnik Ruslan Ələkbərov və “Qarabağ” ordenli polkovnik Vüqar
Salahov idarə ediblər. Silahlanmaya yeni daxil olan “JF-17”
çoxməqsədli qırıcı təyyarələrinin beşliyi də klin düzülüşündə
nümayişini davam etdirib. Qrupa “Vətənə xidmətə görə” ordenli
polkovnik Novruz Tahirov başçılıq edib. Türkiyə Hərbi Hava
Qüvvələrini təmsil edən “F-16” çoxməqsədli qırıcı təyyarələr
beşliyi Bakı səmasında peşəkar uçuş nümayiş etdirib. Beşliyə Albay
Nevzat Oflamaz başçılıq edib. Təkmilləşdirilmiş “SU-25-Laçın” hücum
təyyarələri beşliyinin başçısı “Qarabağ” ordenli general-mayor
Həsən Əlövsədov, 2-ci pilotu isə “Vətənə xidmətə görə” ordenli
polkovnik Anar Həsənov olub. Sonuncu – Azərbaycanın Dövlət
Bayrağının rənglərini paytaxt səmasında canlandıran “SU-25” hücum
təyyarələri qrupuna “Vətənə xidmətə görə” ordenli polkovnik Ruslan
Məmmədrzayev başçılıq edib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu
sahəsində islahatlar, yüksək pilotaja malik pilotların
yetişdirilməsi davam etdirilir. Şəxsi heyətin döyüş və
mənəvi-psixoloji hazırlığı yüksəldilir, aviabazaların maddi-texniki
təminatı gücləndirilir, uçuş və texniki heyətin sosial-məişət
şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər
görülür.
HHQ-nin şəxsi heyəti həlledici məqamlarda, Vətən müharibəsində
olduğu kimi, bundan sonra da Ali Baş Komandanın istənilən döyüş
əmrini hər an yerinə yetirməyə hazırdır.
Əminliklə deyə bilərik ki, bu gün silah sistemləri və hərbi
texnikalarımızla Azərbaycanın hava məkanı düşmənin istifadəsindəki
istənilən texnika və silah növlərindən, hava və yerüstü zərərvurma
vasitələrindən etibarlı şəkildə qorunub və bundan sonra da
qorunacaq.
Hərbi Hava Qüvvələri Günü münasibətilə bu sahədə təmsil olunan
bütün hərbçilərimizi təbrik edir, onlara Vətənin aydın səmasında
Zəfər nümayişləri göstərmələrini arzulayırıq.


