Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarət mexanizmi təkmilləşdirilir

Baş səhifə

Bakı. Trend:

Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarət mexanizmi
təkmilləşdiriləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət orqanları (qurumları), dövlət
mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan
publik hüquqi şəxslər vergi orqanında uçota alındıqda, yenidən
təşkil edildikdə və ya uçotdan çıxarıldıqda bu barədə məlumatlar
(vergi ödəyicisinin adı, VÖEN-i, hesabları göstərilməklə) hər ay
bitdikdən sonra növbəti ayın 15-dək həmin orqan tərəfindən elektron
qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) təqdim olunacaq.




Qüvvədə olan qanunvericiliyə görə, açılmış hesab daxil olmuş
məlumat əsasında vergi orqanı tərəfindən real vaxt rejimində
avtomatlaşdırılmış qaydada qeydiyyata alınır və bu barədə bank
əməliyyatları aparan şəxslərə qeydiyyat bildirişi göndərilir.
Qeydiyyat bildirişi daxil olanadək bank əməliyyatı aparan şəxslər
tərəfindən hesab üzrə məxaric əməliyyatlarının aparılması
qadağandır.

Qanun layihəsinə əsasən, yuxarıdakı abzasa uyğun olaraq
qeydiyyata alınan hesab dövlət orqanlarına (qurumlarına), dövlət
mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslərə və dövlət adından yaradılan
publik hüquqi şəxslərə məxsus olduqda həmin hesablar barədə
məlumatlar vergi orqanı tərəfindən müvafiq məlumat bank
əməliyyatları aparan şəxslər tərəfindən vergi orqanına daxil olduğu
gündən sonrakı 1 iş günü müddətində elektron qaydada müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)
göndəriləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq
üçüncü oxunuşda qəbul edilib.