Bələdiyyə aktlarının 97,2 %-i qanunvericiliyə uyğundur – Toğrul Hüseynov

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə inzibati nəzarət orqanına daxil olmuş 81.711
bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib və onların 97,2%-nin
qanunvericiliyə uyğun olduğu müəyyən edilib.

Trend xəbər
verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli
Məclisin bugünkü plenar iclasında bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə
Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı
deyib.

Nazir müavini bildirib ki, normativ hüquqi aktların tələblərinə
zidd olan aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna
əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib.




“Bu təkliflər nəticəsində 644 akt ləğv edilib, 950 akt
dəyişdirilib, bələdiyyələr tərəfindən təmin olunmayan 7 təklif üzrə
məhkəmələrdə iddia qaldırılıb.

Xüsusilə torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı
aktların ləğvi nəticəsində 3 min hektardan çox torpaq sahəsinin, o
cümlədən 2 057 hektar örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya
sahibliyinə qaytarılması təmin edilib”, – deyə Toğrul Hüseynov qeyd
edib.