
Bakı.Trend:
Piylənmədən əziyyət çəkən insanlarda ağır infeksion xəstəliklərə
yoluxma riski 70 faiz daha yüksək olur.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, yeni elmi araşdırmanın nəticələri “The
Lancet” elmi nəşrində dərc olunub.
Araşdırmada müəyyən olub ki, infeksion xəstəliklər nəticəsində
həyatını itirən hər on nəfərdən birində ölüm potensial olaraq
piylənmə ilə əlaqədar olub.
Araşdırmaya əsasən, piylənməsi olan şəxslərdə qrip, COVID-19,
pnevmoniya və qastroenterit kimi yoluxucu xəstəliklər səbəbindən
xəstəxanaya yerləşdirilmə və ya ölüm ehtimalı artır.
Araşdırmanın müəllifi, Helsinki Universitetindən Solya Nuyberq
bildirib ki, qlobal miqyasda piylənmə səviyyəsinin artacağı
gözlənildiyi üçün piylənmə ilə əlaqəli yoluxucu xəstəliklərdən ölüm
və xəstəxanaya yerləşdirilmə halları da artacaq.
O əlavə edib ki, ağır infeksiyalar, eləcə də piylənmə ilə
əlaqəli digər sağlamlıq problemlərinin riskini azaltmaq üçün sağlam
həyat tərzini və çəki azaldılmasını dəstəkləyən siyasətlərə təcili
ehtiyac var.

